Ermənistanın Cənubi Qafqazdakı onilliklərdir davam edən işğalçı siyasətinin, eləcə də Dağlıq Qarabağ bölgəsindəki son toqquşmaların arxasında məğlubiyyət faktoru durur.
Ermənistanda demoqrafiya
Ermənistanda mövcud təhdidlərdən biri də mövcud demoqrafik problemlər və onların uzunmüddətli nəticələridir. Ermənistandakı bu dərin demoqrafik problemlərin bir sıra bariz sübutları vardır. Dünya Bankının təqdim etdiyi son məlumatlara görə, Ermənistanın hazırkı əhalisi 1990-cı ildən başlayaraq davamlı surətdə azalmağa doğru gedir. Ölkənin əhalisi 2.9 milyon nəfər, doğum səviyyəsi isə 1.6 milyon nəfər təşkil edir ki, bu da özünübərpa səviyyəsindən çox aşağıdır. Əhali sayı tədricən kiçilməkdədir. Bu yaxınlarda, BMT-nin Əhali Fondunun icraçı nümayəndəsi Tsovinar Harutyunyan bildirib ki, Ermənistan artıq demoqrafik böhran həddinə çatıb və tədricən depopulyasiyaya (tükənməyə), yəni, ölüm nisbətinin doğum səviyyəsini ötə biləcəyi mərhələyə yaxınlaşır. Çünki bütün ölkə üzrə ölüm nisbəti doğum səviyyəsini aşıb (Civilnet.am). Mütəxəssislərin fikrincə, bunun əsas səbəbi Ermənistanda 1990-cı illərdə anadan olan nəslin hazırda evlilik yaşına qədəm qoymasıdır. Müvafiq olaraq, 90-cı illərin nəsli 1980-ci illərdə anadan olanlardan 40 faiz daha azdır. Təbii ki, bu hazırda nikah sayına və doğum nisbətlərinə əhəmiyyətli dərəcədə təsir edir. Bundan başqa, 1990-cı illərin nəslinin 25 faizindən çoxu Ermənistanı tərk edib. “Miqrasiyanı unutmamalıyıq. Bir milyondan çox insan Ermənistanı tərk edib”- Tsovinar Harutyunyan belə deyir.
Son təhlillər də göstərir ki, 1991-ci ilin sentyabrında müstəqillik qazandıqdan sonra, Ermənistan əhalisinin sayı 1992-ci ildə özünün ən yüksək həddinə - 3.63 milyona çatıb (ondan əvvəlki ildə bu rəqəm 3.57 milyon təşkil edib). 1993-1995-ci illər arasında kəskin azalma baş verib və Ermənistan əhalisinin sayı 3,26 milyona qədər aşağı düşüb. O vaxtdan başlayaraq, əhali sayının azalması tədricən davam edib və 2020-ci ildə təxminən 2.957 milyon təşkil edib. Lakin rəsmi qeydiyyatda olan əhalinin tərkibinə ilin əksər hissəsini xaricdə yaşayan əhali də daxildir. Belə ki, Rusiyada işləyən və əsasən qış aylarında bir neçə həftəliyə Ermənistana qayıdan çoxsaylı əmək miqrantları da rəsmi əhali sayını əks etdirən statistik məlumatlara daxil edilib. Hesablamalara görə, 1991- 2019-cu illər arasında Ermənistan rəsmi qeydiyyatda olmasına baxmayaraq 1.12 milyon erməni (bu əhalinin 31 faizini təşkil edir) faktiki olaraq mühacirətdə olub. Ermənistan Statistika Komitəsinin məlumatına görə, 1992-ci ildə Ermənistanda 3 milyon 633 milyon rəsmi qeydiyyatda olan əhali var idisə, 2019-cu ildə bu rəqəm 668 min nəfər azalıb. Komitə, son demoqrafik məlumatlarında erməni əhalisinin 1992-ci ildən başlayaraq azalmağa başladığını, lakin 2019-cu ildə ən aşağı göstəriciyə, 2.965 milyon nəfərə çatdığını bildirir.
Ermənistanı tərk edənlərin sayı hər il daha da artır. Kütləvi mühacirət və ağır sosial-iqtisadi vəziyyət nəticəsində, ölkə əhalisinin sayı Azərbaycanla Dağlıq Qarabağ münaqişəsinin başlanmasından və Azərbaycan ərazilərinin işğalından başlayaraq daha da aşağı düşür və nəticədə ölkədə iqtisadi deqradasiya baş verir.
Ermənistanda depopulyasiyaya (əhali azalmasına) səbəb olan amillər
Erməni demoqrafları demoqrafik vəziyyəti əks etdirən üç əsas sahədə ölkənin ciddi problemlərinin olduğu barədə həyəcan təbili çalırlar: doğum, miqrasiya və əhalinin yaşlanması.
Mühacirət onilliklər boyu Ermənistan üçün böyük problem olmub. Doğum nisbətinin azalması ilə paralel olaraq miqrasiya səviyyəsi də artır. Statistika Komitəsinin rəsmi məlumatlarına (Hetq.am) əsasən, Ermənistandan miqrasiyanın getdikcə daha da artması nəticəsində məlum olub ki, müstəqillikdən sonrakı 28 il ərzində (1992-2019), Ermənistana gələnlər ilə Ermənistandan gedənlərin arasındakı say fərqi mənfi 1 milyon 120 min nəfər təşkil edir (Ermənistana gələnlər ilə Ermənistandan gedənlər arasındakı fərq). 1991-ci ilin əvvəlləri ilə müqayisədə bu, Ermənistanın de-yure əhalisinin (3 milyon 575 min) təxminən 31% -ni təşkil edir. Əmək və Sosial Məsələlər Nazirliyinin demoqrafiya şöbəsinin müdiri Artak Markosyan deyir ki, “Reproduktiv yaşda olan insanlar ölkəni tərk etdikləri üçün mühacirət Ermənistanda ağır izlər buraxmışdır”.
Erməni mütəxəssislərin fikrincə, Ermənistandan mühacirət edənlərin əksəriyyəti işçi qüvvəsi və reproduktiv yaşda olan insanlardır ki, bu da qəti olaraq yaşlı əhalinin say nisbətinin artmasına gətirib çıxarır. 20-40 yaşlı gənclər arasında demoqrafik tarazlıq pozulur: ölkədən getmiş 60 min kişi əhali vardır. Bunun əsas səbəbi mühacirətdir.“Mərkəzi və Şərqi Avropada mühacirətin və kənd-şəhər miqrasiyasının sosial təsirləri: Ermənistan” kitabının müəllifləri Heghine Manasyan və Gevork Poghosyan Ermənistanı yaşlı cəmiyyət kimi qələmə verir və bildirirlər ki, ölkədən mühacirətin artması Ermənistan üçün çoxsaylı mənfi nəticələr, məsələn, gender tarazlığının pozulması, doğuş nisbətinin aşağı düşməsi, və s. yaradıb.
1990-cı illərin əvvəllərində əhali sayında kəskin azalma əsasən aşağıdakı səbəblərlə izah oluna bilər: Sovet İttifaqının dağılması nəticəsində ölkədə iqtisadi tənəzzülün baş verməsi və Qarabağ müharibəsi (bu səbəb yalnız ölüm sayının artması ilə nəticələnməyib, eyni zamanda icbari hərbi xidmətdən yayınmaq məqsədilə ölkədən miqrasiyanı stimullaşdırıb). Nəticə etibarilə, 1990-cı illərin ortalarında çağırışçılar Silahlı Qüvvələrdə ümumilikdə 18 ay xidmət etməli idi. Ali təhsil məqsədilə möhlət almış şəxslər isə 12 ay hərbi xidmət keçməli idi; lakin potensial çağırışçıların azalması səbəbindən, yuxarıdakı müddətlər 1998-ci ilə qədər, müvafiq olaraq, 24 və 18 aya qədər artırılmalı oldu. Və bundan qısa müddət sonra ölkə hərbidə universal və icbari 24 aylıq xidmətə keçmişdir. 2017-ci ilin sonlarında Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan qanuna belə bir tələb əlavə edib ki, orduya çağırışdan möhlət istəyən bütün kişi ali məktəb tələbələri daha sonra orduda 36 (otuz altı) ay xidmət edəcəyinə dair müqavilə imzalamalı idi. Bu qanun tələbə etirazları ilə qarşılandı (The Armenian Weekly, 15 Noyabr 2017-ci) və minlərlə insanın ölkədən qaçması ilə nəticələndi.
Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) Ermənistandakı nümayəndəsinin köməkçisi Tsovinar Harutyunyan bildirib ki, 2017-ci ildə aparılan sorğuya əsasən cütlüklər əsasən üç uşağa sahib olmaq istədiklərini, lakin sonda bir yaxud iki uşaqla kifayətləndiklərini bildirib. Dünya Bankının məlumatına görə, 2019-cu ildə Ermənistanda doğuş nisbəti hər qadına 1,6 doğuş təşkil edib. Bundan başqa, Ermənistandakı gənc kişilər və qadınlar evlənmək və ailələri üçün məsuliyyət daşımaqda özlərinə inamsızdırlar - bu isə belə bir faktı ortaya çıxarır ki, ölkədə depopulyasiyanın arxasında dayanan digər faktor, mühacirət ilə yanaşı, sadəcə insanların üçüncü və ya dördüncü uşaq haqqında fikirləşməmələri deyil, eyni zamanda ailə qurmağa marağın olmamasıdır. Bunun arxasında dayanan əsas səbəb Ermənistanda çətin sosial-iqtisadi vəziyyətin hökm sürməsidir.
Bu gün Ermənistan sosial cəhətdən həssas ölkədir. Əhalinin yaşayış səviyyəsi, sosial rifah, inkişaf səviyyəsi və bir çox digər göstəricilər buna uyğun olaraq özünü göstərir. Statistik məlumatları təhlil etdikdə məlum olur ki, ölkədə minimum əmək haqqı və orta aylıq əmək haqqı bölgədə ən aşağı göstəriciyə malikdir. Ermənistanda yoxsulluğun geniş yayılması da sirr deyil - BMT-nin Davamlı İnkişaf Məqsədləri İndeksinə görə, Ermənistanda gündəlik gəliri 1,9 dollardan az olan insanların sayı 0,7 faiz, gündəlik gəliri 3,2 dollardan az olan insanların sayı isə 6,5 faiz təşkil edir. Gənclər arasında işsizlik nisbəti yüksəkdir və buna görə də evlənmək istəyənlərin sayı da aşağıdır. Ölkədən getmiş mühacirlər arasında çoxu vətənlərinə dönəcəklərinə şübhə edirlər. “Ermənistanda yeni iş yerlərinin açılması məsələsi hələ də problemli olaraq qalır. İrəvanı qarşıda çətin bir yol gözləyir. ” – bunu İrəvanda yerləşən Siyasət Araşdırmaları Mərkəzinin həmtəsisçisi və vitse-prezidenti və Avrasiya Demokratik Təhlükəsizlik Şəbəkəsinin əməkdaşı Armen Qriqoryan deyir.
Bundan əlavə, on illərdir ki, Ermənistan hərbi-siyasi rəhbərliyi işğalçılıq siyasətinin ölkənin milli təhlükəsizliyinə əsas təhdid olduğunu, eləcə də Ermənistandakı demoqrafik böhranının əsas səbəblərini qəbul edə bilməyib. Bu, son olaraq özünü, pandemiyaya səbəbindən yaranan böhrana baxmayaraq, 27 sentyabr tarixində də büruzə verib; Ermənistanın hərbi qüvvələri beynəlxalq hüququ pozaraq işğal coğrafiyasını genişləndirmək məqsədilə Azərbaycana qarşı geniş miqyaslı hücuma keçib. Ermənistanda yoxsul insanların sayının artması, eləcə də işğalçılıq siyasəti və böhranlı iqtisadiyyat şəraitində çox az insanın uşaq sahibi olması təəccüblü deyil.
Hökumətin demoqrafik böhrandan çıxmaq cəhdləri
Erməni demoqrafları həyəcan təbili çaldıqdan sonra hökumət reaksiya göstərmək məcburiyyətində qaldı. Zamanla ölkədə depopulyasiya probleminin həlli ümidi ilə müxtəlif planlar işlənib hazırlanıb. Bu planlardan biri də “möhtəşəm repatriasiya” planı, o cümlədən etnik ermənilərin “ənənəvi” diasporlardan immiqrasiyası idi. İmmiqrasiyanı stimullaşdırmaq üçün digər xüsusi yanaşma ardıcıl olaraq bir neçə Ermənistan hökuməti tərəfindən geri qayıdan gənc miqrantların orduya getdiyi təqdirdə cinayət məsuliyyətindən azad edilməsini, eləcə də 27 yaşından yuxarı olan şəxslərin 1 yanvar 2020-ci il tarixinə qədər bir neçə min ABŞ Dolları məbləğində azadolma haqqını ödədikdə hərbi xidmətdən azad edilməsini nəzərdən tutan qanunların qəbulu idi (Azatutyun.am). Lakin, uzadılma ilə bağlı yeni qanun qəbul edilməyib, bu səbəbdən də yuxarıda göstərilən qanunun qüvvəsinin bitməsindən sonra, sözügedən prosedur heç kəsə cinayət məsuliyyətindən azad olmağa imkan verməyib.
Ziyanlı tendensiyaları aradan qaldırmaq məqsədilə depopulyasiyanın qarşısının alınmasına yönəlik görülən əlavə tədbirlər daha iri ailələrin, eləcə də ölkəni son vaxtlar tərk edən şəxslərin geri qayıdışının təşviqindən ibarət idi. Ermənistan digər ölkələrdən, məsələn Suriyadan böyük erməni axınının dəyişiklik yaradacığını düşünürdü. Lakin, Ermənistan hökumətinin həmin insanları daha çox Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirməyə çalışması açıq-aşkar heç bir nəticə vermədi və Ermənistanın bu hərəkəti – o cümlədən Suriya ermənilərinin işğal olunan Dağlıq Qarabağ və ətraf 7 rayonda yerləşdirilməsi - Cenevrə Konvensiyasının əsas qaydalarının açıq şəkildə pozulduğuna görə beynəlxalq ictimaiyyət tərəfindən qınanıldı. Azərbaycan tərəfi Ermənistanın bu əməllərinə yüksək səslə etiraz etdi. Bu ailələrin əksəriyyətinin terror qruplaşmalarının üzvü olduğu hesab olunur.
Ermənistan Baş Naziri Nikol Paşinyanın Repatriasiya proqramı Ermənistan Diasporası tərəfindən formalaşdırılan boşluğu doldurmaq məqsədilə tətbiq olunub. Proqram diaspora ermənilərinə yerli sakinlərlə müqayisədə çoxlu üstünlüklər verirdi. Ancaq mütəxəssislər, bir sıra faydalarının olmasına rəğmən proqramın mümkünlüyünə şübhə edirlər. Bundan başqa, vətəndaşlar əhalisinin 50 faizə yaxın hissəsinin yoxsulluq vəziyyətində olan ölkənin gələnlərə yerli əhalinin heç arzulamaq iqtidarında olmadığı imtiyazları verməsini başa düşə bilmirdilər. Eyni zamanda, dünyanın müxtəlif ölkələrində olan erməni diaspora birlikləri Ermənistana repatriasiyaya, həmçinin valideynlərinin yaşadıqları ölkə ilə yaxın əlaqələrə heç bir zəmanət vermir.
Ermənistan hakimiyyət orqanlarının nə dərəcədə irqçi olduğunu da qeyd etmək düzgün olardı. Statistikaya əsasən Ermənistan əhalisinin təxminən 99% -i etnik ermənilərdən ibarətdir. Ölkə əhalisinin yalnız çox az faizi yezidi kürdləri, ruslar, ukraynalılar, assuriyalılar və başqalarıdır ki, onların da əksəriyyəti etnik ermənilərin həyat yoldaşlarıdır. Müqayisə üçün, bölgənin bütün digər ölkələrində müxtəlif etnik qruplar, ermənilər də daxil olmaqla, birlikdə sülh və əmin-amanlıq şəraitində yaşayır. Azərbaycan tərəfinin verdiyi məlumata əsasən, hazırda işğal altında olan Dağlıq Qarabağ və ətraf 7 rayondan kənarda, Bakıda və ölkənin digər bölgələrində 35 mindən çox erməni yaşayır və onlar bu ölkənin bütün hüquqlarına malik vətəndaşlarıdır. Göründüyü kimi də onlardan heç biri Ermənistana qayıtmaq niyyətində deyil. Bütün bunlar Ermənistan hökumətinin irqçi siyasətinin təcili sorğulanmasının vacibliyini ortaya qoyur. Müqayisə üçün deyək ki, Ermənistanda və işğal olunmuş ətraf 7 rayonla birlikdə Dağlıq Qarabağda yaşayan azərbaycanlıların sayı 0-dır (sıfır). Həmin ərazilər erməni hərbi qüvvələrinin etnik təmizlənmə siyasətinin qurbanı olub. Bildirilir ki, etnik mənsubiyyəti fərqli olan xalqların nümayəndələri Ermənistan daxilində rahat yaşamaqda çətinlik çəkirlər. Onların mübarizə apardığı və sonda ölkəni tərk etməyə məcbur qaldıqları bildirilir. Göründüyü kimi, digər ölkələrdə anadan olan ermənilər də Ermənistanda irqçiliklə üzləşirlər.
Baş nazir Nikol Paşinyan demoqrafik vəziyyətin yaxşılaşdırılmasına yönəlik dörd proqram işləyib hazırlayaraq Demoqrafik İnkişaf Şurasının və “Əmək və Sosial İşlər Nazirliyinin” yaradılmasına çağırış edib. Lakin qarşıdan gələn onilliklər ərzində hər hansı müsbət nəticənin əldə olunmasını gözləmək çətindir (depopulyasiyanın qarşısının alınmasından danışmağa heç dəyməz). Müstəqilliyin ilk 30 ili və on illərlə davam edən Dağlıq Qarabağ münaqişəsi o qədər dərin və davamlı bir demoqrafik böhran yaratmışdır ki, bu gün bu vəziyyətin düzəldilməsi məqsədilə nəyinsə edilməsinin mümkün olub-olmadığı bəlli deyil. Ermənistanın milli təhlükəsizlik problemləri o qədər ciddidir ki, onlar yaxın 30 il ərzində ölkənin fəaliyyət qabiliyyətini təhlükə altına qoya bilər. Mühacirətin getdikcə daha da artması, on illərlə hər hansı demoqrafik strategiyanın olmaması, avantürist rəhbərlik, populist təbliğat və insanların ölkənin iqtisadi vəziyyəti ilə bağlı narahatlıqları, və s. kimi məsələləri nəzərə aldıqda erməni mütəxəssislərin Ermənistanın bundan bir neçə onillikdən sonra mövcudluğunun təhlükə altında olması ilə bağlı həyəcan siqnalı ilə razılaşmaq tam ədalətli olardı. Vəziyyətin belə olmasına görə Ermənistan hökuməti məsuliyyət daşıyır. Əks təqdirdə, depopulyasiya nəticəsində Ermənistan ermənilərsiz qalacaqdır.
İnsan – Siyasət üçün sipər və demoqrafik böhranın nəticələri
Ermənistandakı demoqrafik böhran artıq öz gələcək nəticələrini göstərməyə başlamışdır. Aydın məsələdir ki, bu böhran erməni dövlətçiliyi üçün dəhşətli olacaqdır. Demoqrafik böhran qaçılmaz faktordur və həmçinin Ermənistan silahlı qüvvələrinin döyüş qabiliyyətinə də təsir göstərir. Ermənistandakı demoqrafik və sosial böhran əsgərlərin döyüş hazırlığı səviyyəsinin aşağı düşməsinə gətirib çıxarır. Dağlıq Qarabağ münaqişəsinin əvvəlindən indiyə kimi bütöv bir nəsil ötsə də, biz görürük ki, Ermənistan hərbi qüvvələri üçün çağırışlarda kəskin azalma vardır. Hazırda ermənilərin işğalı altında olan Dağlıq Qarabağ və ətraf rayonlarda gedən döyüşlər ordunun psixologiyasında ağır iz buraxıb və bununla da əsgərləri ruhdan salmışdır. Diaspora ermənilərinə gəlincə, onlar üçün uzaqdan vətənpərvərlik etmək daha asandır. Eynilə, öz xalqını başqa ölkənin əraziləri üçün insan sipəri yaratmaq məqsədilə döyüşə cəlb etmək erməni hökuməti üçün asandır. Ermənistan hökuməti on illərdir ki, bu ideologiyanı möhkəmləndirməyə çalışır. Halbuki vicdanlı insanlar gerçəyi görə biləcək qədər uzaqgörəndirlər və onlar Ermənistanı və erməni xalqını qorumaq üçün ölümə hazır olsalar da, başqasının ərazilərində ölmək istəmirlər.
Lakin, Ermənistan hökuməti qəsdən xalqını dalana sürükləyir və bununla da öz hakimiyyətinin ömrünü bir qədər də uzatmaq istəyir. Ermənistan Baş naziri öz radikal əməllərinə haqq qazandırmaq üçün əlacsızca bütün növ həssas, etnik və qeyri- sağlam vətənpərvərlik çağırışlarından istifadə edir və öz millətini bilə-bilə ölümə sürükləyərək öz nüfuzuna görə erməni xalqını sipər kimi istifadə edir, bununla da öz hərbi- siyasi rejimi ilə müharibə cinayəti törədir. Erməni baş nazir kişilərin ölkəni tərk etməsini qadağan etmək cəsarəti göstərir və bununla da heç kəsin hakimiyyətin insan sipərindən qaçmasına imkan vermir. Ermənistandakı müəssisələr və sənaye sahələri artıq normal fəaliyyət göstərə bilmək üçün insan resursları çatışmazlığı ilə üzləşiblər. Hərbi əməliyyatlardan başqa, Ermənistan hökumətinin iqtisadi nəticələri düşünüb-düşünmədiyini söyləmək çox çətindir. Resurslara gəldikdə, hökumət bilir ki, üçüncü şəxslərin müdaxiləsi olmadan – reallıq belə tələb edir ki, - hökumət beynəlxalq hüquqa qarşı müharibə apara bilməz.
Hökumətin öz millətinin təhlükəsizlik maraqlarının əksinə hərəkət etməsi erməni xalqını məcbur edir ki, mövcud hadisələr fonunda vəziyyəti - əslində kim və nə onun təhlükəsizliyi üçün təhdiddir – nəzərdən keçirsin.
On illərdir hərbi rəhbərlərin idarə etdiyi Ermənistan əsasən işğalçılıq siyasətinə görə istər iqtisadi, istərsə də demoqrafik baxımdan böyük itkilər verib. Bütün bunlar erməni xalqını potensial inkişafdan, çiçəklənmədən və bölgənin indiyə qədər təqdim etdiyi bütün üstünlük və imtiyazlardan məhrum edib. Sonda isə Ermənistanın regiondakı qlobal layihələrdən kənarlaşdırılması ilə nəticələndi. Ermənistanın strateji coğrafiyada olmasına baxmayaraq, mövcud idarəçilik milyardlarla dollar dəyərində layihələrin ölkədən kənarda reallaşmasına səbəb oldu.
Rusiyalı ekspert Yevgeny Mikhailov hesab edir ki, Ermənistan yalnız uzaqgörməyən siyasətə görə, eləcə də bütün qonşuları qarşısında təcavüzkar və işğalçı status qazandığından depopulyasiya kimi fəlakətlə üzləşməkdədir. "Nə qədər istehzalı olsa da... İrəvan soyqırımın tanınması üçün fəryad edir, lakin eyni zamanda ermənilər işləməyə və oxumağa Türkiyəyə gedirlər. Qonşulara qarşı nifrət hisslərinin gücləndirilməsi o qədər də nəticə vermədi. Adi ermənilər hər şeyi başa düşür və özləri üçün rəsmi siyasətin əksinə nəticələr çıxarırlar.”
Ermənistanda əhalinin növbəti siyahıyaalınması 2020-ci ilin oktyabrında keçiriləcəkdir. Hazırki demoqrafik göstəricilər fonunda və Ermənistanın Azərbaycan əraziləri daxilində apardığı şiddətli mübarizənin gedişində, ölkənin demoqrafik siyasətində müsbət dəyişikliklərin olacağına ümid etmək olduqca çətindir.
Müasir dünyanın geosiyasi reallığı diktə edir ki, Ermənistanın sosial-iqtisadi inkişafında müsbət meyllərin olmasının yeganə yolu regional sülhün təmin olunmasıdır. Bu vəziyyətdə regional sülhə yalnız erməni hərbi qüvvələrinin Azərbaycandan çıxarılması və regionda davamlı yaxşı münasibətlərin qurulması ilə nail olmaq mümkündür. Bəlkə də yalnız o zaman Ermənistan hökuməti və qurumlarının depopulyasiya böhranını aradan qaldırmaq və sosial-iqtisadi rifahı yaxşılaşdırmaq cəhdləri özünü ölkənin demoqrafik göstəricilərində təsirli şəkildə əks etdirməyə başlayacaq, həm Ermənistana, həm də regiona fayda gətirəcəkdir. İstənilən halda, Ermənistan hökuməti və erməni xalqının düzgün seçim etməsi baxımından çox kritik dövrdür. Müasir dövrdə ikinci şans heç də tez-tez yaranmır.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət