"Moskovskiy komsomolets" qəzeti Azərbaycan Prezidenti Administrasiyasının Xarici KİV və QHT-lərlə iş sektorunun müdiri Fuad Axundovun məqaləsini dərc edib. Bu məqalədə F.Axundov guya Azərbaycanın Ermənistanla sərhəd əraziləri zəbt etməsi ilə bağlı ittihamlara cavab verir.
Aşağıda Fuad Axundovun məqaləsinin tam mətni verilir.
Azərbaycanla Ermənistan arasında üçtərəfli bəyanatın imzalanmasından sonra Rusiya mətbuatı və oxucu auditoriyasının yaranmış vəziyyətə marağı son dərəcə aydındır. Buna baxmayaraq, Marina Perevozkinanın "Evin yarısını erməniyə saxlayır, yarısını isə zəbt edirlər": azərbaycanlıları sərhədboyu qəsblərdə ittiham ediblər" və "Ermənistan "Türk çuvalından" qorxdu” adlı məqalələrində sərhədlə bağlı yalnız Ermənistan tərəfinin baxışı yer aldığı üçün əslində nə baş verdiyinə aydınlıq gətirərək izah etməyə çalışacağıq.
Sıra ilə danışaq. "Evin yarısını erməniyə saxlayır, yarısını isə zəbt edirlər" adlı birinci məqalədə azərbaycanlıları sərhədyanı qəsblərdə ittiham ediblər — söhbət Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiyası prosesindən gedir. "MK"-nın müxbirinin müsahibi - Ermənistan Sərhəd Qoşunlarının sabiq komandanı Levon Stepanyan müasir dünya üçün qəribə və təhlükəli arqument gətirir: "Ermənilər bu sərhəddən həmişə narazı olublar". Bundan sonra isə danışır ki, onların hərbçiləri (azərbaycanlı hərbçilər – F.A.) orada bizim qoşunlarımızın olmadığını, yalnız sadə kəndlilərin olduğunu bilərək, həyasızcasına Ermənistan ərazisinə girir və bununla da Sovet sərhədlərini pozur, öz bayraqlarını sancır, özlərinin GPS cihazını açır və deyirlər ki, bu, onların torpağıdır. Və "Azərbaycana xoş gəlmisiniz" sözlərinin yazıldığı lövhə qoyurlar, “onlar sərhədləri GPS-lə müəyyən edirlər, cihaz isə bir qayda olaraq, həmişə Azərbaycanın xeyrinə göstərir" və nəticədə Ermənistan çox böyük ərazi itirir.
"MK"-nın oxucularını və cənab Stepanyanı da məlumatlandırmaq istərdim: biz də mövcud sərhəddən narazıyıq. Daha doğrusu, XX əsrin 20-ci illərində Zəngəzurdakı tarixi Azərbaycan torpaqlarının qanunsuz olaraq Ermənistana verilməsindən və ölkəmizin ərazisini iki yerə parçalayaraq Naxçıvanı Azərbaycanın qalan hissəsindən təcrid etmələrindən narazıyıq. Lakin Azərbaycan dünya arenasında dövlətlərin sərhədlərinə və ərazi bütövlüyünə hörmət edilməsinin tərəfdarı olaraq çıxış edir. Bu isə qarşılıqlı prosesdir. Sərhədləri bəyənib-bəyənməməkdən asılı olmayaraq. Dünya tarixində sərhədləri güc yolu ilə "düzəltmək" istəyən siyasətçilərin öz xalqını hansı müsibətlərə düçar etdiklərinə dair çoxsaylı nümunələr var.
Ən başlıcası isə, GPS cihazlarının nəyə görə "bir qayda olaraq, həmişə Azərbaycanın xeyrinə göstərdiyinə" aydınlıq gətirək. Stepanyanın özü də bu barədə danışır: "Sovet dövründə bu, inzibati sərhəd idi, sonralar da tamamilə formal olub, çünki ətraf ərazilər bizim nəzarətimiz altında idi".
Bu halda nə qədər qəddar səslənsə də, bu torpaqların və evlərin tarixi barədə soruşmaq lazımdır.
Xatırladaq ki, 1992-1994-cü illərdə Ermənistan sərhədləri, dünya arenasında beynəlxalq hüququ və sivil davranış normalarını pozaraq keçmiş DQMV ilə Ermənistan arasında yerləşən Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları da daxil olmaqla, Azərbaycan ərazisinin 20 faizini işğal etmişdir.
Bunun nəticəsində keçmiş Sovet sərhədinin bir tərəfində Ermənistan torpaqları, digər tərəfində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqları yerləşirdi. Xatırladaq ki, bu rayonlarda erməni əhalisi demək olar ki, yox idi. Azərbaycanlılar isə işğal zamanı amansız "etnik təmizləmə"yə məruz qalıblar. İnsanlar qarla örtülmüş aşırımlardan sözün əsl mənasında ayaqyalın gedirdilər, onlarla dinc sakin hələ də itkin düşmüş hesab olunur — onlar dağlarda donaraq ölüblər.
Ermənistan tərəfi isə nəinki torpağı əkib-becərərək ölkə əhalisinin dolanışığı üçün məhsulun yarısını yığır, Vejnəli və Söyüdlü mədənlərində qızıl hasil edirdi, hətta evlər tikir və sərhəd kəndlərdə yollar çəkirdi. Ermənistan müharibəni uduzduqdan və işğal olunmuş ərazilərdən çıxmağa məcbur edildikdən sonra, sərhədlərin kiminsə istəyinə uyğun olaraq deyil, xəritələrdə göstərildiyi kimi çəkilməsi vaxtı gəlib çatanda GPS cihazları, əlbəttə ki, əvvəllər bütün bu işğal edilmiş ərazilərdə təkcə Azərbaycanın xeyrinə deyil, bu sərhədləri tanıyan BMT-nin də xeyrinə göstərir. Və bu, sərhədlərin GPS ilə ya da köhnə qayda üzrə - reyka və teodolitlə çəkilib-çəkilməməsindən aslı olmayaraq belə olacaq.
Bu, əlbəttə ki, ağrılı bir prosesdir və ilk növbədə, sərhəd ərazilərin sakinləri, bu gün "düşmənə qalmasın" deyə evləri və bağları yandıranlar üçün. Amma indiki sahiblər orada nə vaxt məskunlaşıblar? Və əvvəllər orada yaşayanlara nə oldu? Bunlar xoşagəlməz suallardır, lakin onlara cavab vermədən bu gün sərhəd rayonlarında nə baş verdiyini anlamaq mümkün deyil.
"Ermənistan "Türk çuvalı"ndan qorxdu” adlı digər məqalədəki qaranlıq məqamlara da aydınlıq gətirmək lazımdır. Bu məqalədə Marina Perevozkinanın müsahibi olan Ermənistan Demokratik Partiyasının sədri Aram Sarkisyan kommunikasiyaların açılması kimi humanitar addımın nə üçün Ermənistanda "birmənalı" qarşılanmadığını şərh edərkən bəyan edir: "Vədlər (Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Azərbaycan ərazisindən Rusiyaya çıxış əldə edəcəyi ilə bağlı — F.A.) ayrı, reallıq isə başqadır. Hətta Sovet dövründə Ermənistandan Naxçıvan ərazisi ilə keçib gedən qatarlar daşqalaq edilir, şüşələri sınmış vəziyyətdə gəlirdilər. Bu, Azərbaycanda da belə idi, hətta Ermənistanda zəlzələ baş verən zaman humanitar yüklər ora gedəndə də belə olub". Ümumiyyətlə, "tarixi yaddaşımız türklərin sözünə inanmağımıza mane olur".
Almanların və fransızların Yelisey müqaviləsi bağlayaraq tarixi yaddaşları ilə bağlı necə hərəkət etmələri və ən iri xarici ticarət tərəfdaşlarından birinin AFR olduğu SSRİ-nin onunla necə davranması kimi istehzalı sualları kənara qoyaq. Dünyada bu cür misallar çoxdur və müharibələr məhz onların sayəsində başa çatır.
Cənab Sarkisyanın "Naxçıvan ərazisindən keçməklə Ermənistandan gələn qatarların daşqalaq edilməsi və onların şüşələri sınmış halda gəlməsi" ilə bağlı dediyi hissəyə nəzər salaq. Və o, xırda detal barədə susur: bu, Ermənistan ərazisində baş verirdi!
Bütün məsələ Cənubi Qafqazın "dəmir yolu coğrafiyası"ndadır. Azərbaycandan Naxçıvana dəmir yolu Ermənistan ərazisindən, uzunluğu 46 kilometr olan "Mehri sahəsi"ndən (Mehri stansiyasının adı ilə) keçir. Bu sahə Ermənistan ərazisində olsa da, Azərbaycan Dəmir Yoluna məxsus idi. Qarabağda münaqişə başlayanda məhz orada erməni ultramillətçiləri qatarları daşqalaq edirdilər. Artıq 1989-cu ildə Naxçıvan MSSR tamamilə blokadaya alınmışdı. Vəziyyət olduqca gülünc idi: SSRİ-nin yollar naziri Nikolay Semyonoviç Konarev 24 saat fərqlə "Vremya" proqramına iki dəfə müsahibə vermişdi.
Əvvəlcə yoldaş Konarev bildirib ki, qatarlar Azərbaycan Dəmir Yolunda daşqalaq edilir, Bakıda bununla bağlı hiddət artanda isə müsahibə verərək izah edib ki, dəmir yolu Azərbaycana məxsus olsa da, Ermənistan ərazisindən keçir. İndi isə həmin nağılları cənab Sarkisyan danışır.
Bundan başqa, xatırladaq ki, Ermənistan ilə Azərbaycan arasında münaqişənin davam etdiyi bütün üç onillik ərzində İrəvanda 1988-ci ildə olduğu kimi, "blokada"dan şikayətlənirdilər. Dəmir yollarının "açarları" həmin dəmir yolunun 150 kilometrini işğal etmiş Ermənistanın özündə idi. BMT TŞ-nin dörd qətnaməsində tələb olunduğu kimi, sərhədləri tanımaq və qoşunlarını özgə torpaqlardan, yəni Azərbaycanın işğal edilmiş torpaqlarından çıxarmaq kifayət idi. Amma Ermənistan bunu könüllü şəkildə etmədi.
Bununla belə, bu gün İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli saziş regionun bütün ölkələrinə kommunikasiyaları bərpa etmək, həqiqi və məcazi mənada yeni yollar açmaq imkanı verir. Heç kəs Ermənistana Suxumi ərazisi ilə dəmir yolu açmağa, yeni "qollar" inşa etməyə və özünün logistika problemlərinin həlli üçün başqa yollar axtarmağa nail olmağı qadağan etmir.
Ancaq yadda saxlamaq vacibdir: xoşbəxtlikdən ya da təəssüf ki, ölkələr öz ünvanlarını dəyişmir. Kimlərinsə xoşuna gəlsə də, gəlməsə də, Ermənistan Azərbaycan və Türkiyə ilə həmsərhəddir. Belə bir vəziyyətdə Ermənistanda "Türk çuvalı" və s. haqqında danışaraq və "şlaqbaumu endirərək" yenidən təcrid olunmuş vəziyyətdə qalmaq istəyənlərin olması sadəcə dəhşətə gətirir.
Çünki əslində bu gün Ermənistanın içində olduğu "çuval" içəridən indiyədək bütün qonşuları ilə sərhədləri bəyənməyənlər tərəfindən "sıx şəkildə bağlanıb".
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət