Rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov Türkiyə Respublikası Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən təşkil olunmuş və Osmanlı İmperiyasında 1915-ci il hadisələrinə həsr olunmuş beynəlxalq elmi konfransın işində iştirakını “İnterfaks-Azərbaycan” agentliyinə şərh edib.
Türkiyə Prezidentinin 14 saylı Fərmanına əsasən yaradılan və fəaliyyətə başlayan Kommunikasiya İdarəsi Türkiyənin ən yeni təşkilatları arasında yer alır. İdarə vahid kommunikasiya strategiyası qəbul edərək bütün dövlət qurumları ilə əlaqələndirilmiş səyləri dəstəkləyir və ölkəyə dəyər qatan digər agentliklər və təşkilatlarla əməkdaşlıq edir.
Konfransda Türk Tarix Qurumunun prezidenti Birol Çətin, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun və ölkənin görkəmli alimləri iştirak ediblər.
“Türkiyə Respublikasının İctimai Əlaqələr İdarəsi tərəfindən keçirilən və Osmanlı İmperiyasında 1915-ci il hadisələrinə həsr olunmuş konfransda iştirak etmək mənim üçün böyük şərəf və ciddi akademik məsuliyyət idi”, - deyə tarixçi bildirib.
Onun sözlərinə görə, “1915-ci ildə Osmanlı imperiyasında nə baş verib” sualına son dərəcə vicdanla cavab vermək vacibdir.
“Mən birinci paneldə üç türk həmkarımla birgə yarımsaatlıq məruzə ilə çıxış etdim. Bu, elə təşkil edilmişdi ki, əvvəllər bir-biri ilə müharibə aparmış iki imperiyanın (Rusiya və Osmanlı imperiyaları - İF) nümayəndələri eyni hadisələrə öz fikirlərini bildirsinlər. Peşəkar alimlər olaraq biz başa düşürdük ki, siyasi disput heç kimə lazım deyil, akademik təmas nöqtələri tapmaq lazımdır və buna görə də aydındır ki, nə müasir Rusiya Federasiyası Rusiya İmperiyası, nə də müasir Türkiyə Osmanlı İmperiyası deyil. Bununla əlaqədar yüz ildən çox tarixi olan hadisələr haqqında vicdanla, doğru və sağlam fikir yürütmək vacibdir”, - deyə Kuznetsov bildirib.
Tarixçi vurğulayıb ki, müzakirələr zamanı tamamilə konkret və konstruktiv dialoq qurulub.
“O dövrdəki hadisələrlə bağlı mənim nöqteyi-nəzərim bundan ibarətdir ki, o dövrün digər regionları ilə müqayisədə Türkiyədə qeyri-adi, xüsusi heç nə baş verməyib. Məsələ burasındadır ki, hərbi əməliyyatlar zamanı dinc əhaliyə qarşı ilk kütləvi cinayətlər 1900-1901-ci illərdə ingilis-bur müharibəsində müşahidə edilib, daha sonra bu, 1912-ci ildə Birinci Balkan müharibəsində daha iri miqyasda təzahür edib və qurbanlar elə türklər olub, yunanlar, makedoniyalılar onları Balkanlardan qovmağa başlayıblar və 1 milyondan çox insan təqibdən qaçaraq Frakiyaya (Türkiyə) qaçmağa məcbur olub. Həmin dövrdə Endryu Karnegi İnstitutu tərəfindən tərkibinə Rusiyadan Pavel Milyukovun (Kadetlər Partiyasının rəhbəri) və Rusiya İmperiyası Dövlət Dumasının üzvlərinin daxil olduğu beynəlxalq istintaq qrupu yaradılmışdı. Bu istintaq komissiyasının materialları 1915-ci ildə Cenevrədə fransız dilində dərc edilmişdi, lakin o zaman Birinci Dünya müharibəsinin ən qızğın çağı olduğu üçün həmin komissiyanın sənədlərinə heç kim xüsusi diqqət yetirmədi. Lakin 1918-ci ildə bir çox imperiyalar, o cümlədən Rusiya və Osmanlı imperiyaları dağılmağa başladı, ona görə bu sənədlər də unuduldu. Buna baxmayaraq, deyə bilərik ki, türklər 1915-ci ildə öz ərazilərində Balkan ölkələrinin üç il bundan əvvəl onlara qarşı etdiklərinin təxminən eynisini təkrarlayıblar”, - deyə Kuznetsov diqqətə çatdırıb.
Onun sözlərinə görə, prinsipcə, tarixçilər bu barədə bilirlər, ancaq danışmaq istəmirlər. Lakin 1915-ci ildə mülki əhalinin deportasiyası təkcə osmanlılar tərəfindən deyil, demək olar ki, müharibə edən digər bütün ölkələr tərəfindən də həyata keçirilib. Söhbət Elzas fransızlarından gedə bilər, Almaniya onların Fransanın tərəfinə keçərək öz imperiyalarına qarşı vuruşacaqlarından ehtiyatlandığı üçün onları həbs düşərgələrinə salmışdı. 1915-ci ildə Qorlitsa ərazisində cəbhənin yarılması gedişində Rusiya İmperiyasında bir milyon yarım etnik alman və yəhudi deportasiya edilmişdi. Rusiya hakimiyyəti hesab edirdi ki, onlar Kayzer Almaniyası ilə əməkdaşlıq edə bilərlər. Eyni təcrübə Avstriya-Macarıstanda da olub, 1915-ci ildə Zakarpatyadan təxminən 1 milyon rusin çıxarılıb, deportasiya zamanı 200 min nəfər həlak olub və ya qəsdən öldürülüb. Buna görə də 1915-ci ildə Türkiyədə baş verənlər o dövrdə müharibə edən bütün ölkələr üçün ümumi təcrübə idi”, - deyə tarixçi vurğulayıb.
Kuznetsov o dövrdə Rusiya və Osmanlı imperiyaları arasında qarşılıqlı münasibətlərə də toxunub: “Türkiyə 1914-cü ilin noyabrında Birinci Dünya müharibəsinə qatılanda Qafqaza çıxardığı üç ordu Rusiyanın sərhəd vilayətlərini kifayət qədər asanlıqla işğal etməyə nail oldu. Batum vilayəti isə demək olar ki, döyüşsüz alındı, çünki Rusiya qoşunlarının və Qars-Batum istehkam rayonunun arxa cəbhəsində acarların və quriyalıların üsyanı baş verdi ki, nəticədə bu da osmanlıların xeyrinə oldu. Təchizatı kəsilən rus qoşunları başqa müdafiə xəttinə keçmək üçün şimala istiqamətlənməli oldular. Buna cavab olaraq Rusiya hökuməti 10 dekabr 1914-cü ildə daşnaklarla bağlı amnistiya elan etməyi qərara aldı. Həmin tarixə qədər daşnaklar Sankt-Peterburq Məhkəməsinin 1911-ci il mart qərarı ilə sürgündə və ya həbsdə idilər, ya da katorqa işlərinə cəlb olunmuşdular. Bütün daşnakları azad edərək Tiflisə yığdılar, erməni komitəsi yaratdılar. Komitəyə rus Qafqaz cəbhəsinin tərkibində könüllü erməni hissələri formalaşdırmaq, habelə üsyan qaldırmaq üçün Türkiyə ordusunun arxa cəbhəsinə göndəriləcək partizan dəstələri yaratmaq səlahiyyəti verilmişdi.”
Onun fikrincə, 1915-ci ildəki Van üsyanını 1914-cü ildə rus ordusunun arxa cəbhəsində baş vermiş quriyalıların üsyanına cavab hesab etmək olar.
“Erməni soyqırımı mövzusu” Birinci Dünya müharibəsi dövrünə xas olmayıb. O, yalnız 1960-cı illərin əvvəllərində, Sovet Ermənistanı rəhbərliyinin təşəbbüsü ilə ortaya çıxıb. 1962-ci ildə Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarı ilə ermənilərin öz qonşularına qarşı ərazi iddialarını əks etdirən Tsitsernakabert abidəsinin inşasına qərar verildi. Bu, (abidənin inşası – İF) tamamilə kommunist ideyası idi. Elə həmin dövrdə ermənilərin “soyqırımı”nın 50 illiyi ilə bağlı xatirə tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edildi. Bu termin ilk dəfə məhz Ermənistan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin sənədlərində göstərilir və elə həmin dövrdə Ermənistan SSR Elmlər Akademiyasının Tarix İnstitutunın adı dəyişdirilərək Tarix və Ermənişünaslıq İnstitutu adlandırıldı. Bu, nə üçün edildi? Məsələ bundandır ki, amerikalılar bundan xeyli əvvəl Sovet İttifaqına hədəflənmiş orta mənzilli Orion raketlərini Türkiyə ərazisində yerləşdirməyə başlamışdılar. Və SSRİ asimmetrik cavab tədbiri kimi NATO-nun cənub cinahını bloklamaq üçün erməni millətçiliyini qızışdırmaq, erməni terrorizmini fəallaşdırmaq və ona maddi dəstək vermək qərarına gəldi. Bundan başqa, Sovet İttifaqı Fələstin terrorizmini, kürd terrorizmini, erməni terrorizmini çox fəal şəkildə inkişaf etdirirdi. Kürdlər və ermənilər Türkiyəyə, fələstinlilər və ermənilər İsrailə qarşı yönləndirilmişdi, Livanda ermənilərdən çox fəal istifadə olunurdu, yəni yerli və kiçik xalqların millətçiliyinin fəallaşdırılması və terrorçuluğa çevrilməsi hesabına NATO-nun Yaxın Şərq və Ön Asiyada faktiki olaraq üç təsir mərkəzi bloklanmışdı və fəal xarici siyasi fəaliyyətə qadir deyildi, çünki müdafiə olunmaq məcburiyyətində idi. 1975-ci ildə Livanda başlamış vətəndaş müharibəsi isə ölkəni tamamilə məhv etdi və artıq 45 ildir ki, bu ölkə heç cür dirçələ bilmir”, - deyə tarixçi vurğulayıb.
Kuznetsov hesab edir ki, konfransın sonunda 1915-ci il hadisələrinin hansısa geosiyasi ambisiyalar və fantaziyalara deyil, dəqiq akademik biliklərə uyğun olaraq öyrənilməsi məqsədilə ümumi elmi metodologiyanın yaradılması üçün bazanı müəyyən etməyə nail olunub.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət