Prezident İlham Əliyev Qarabağda müharibənin başa çatmasında və hərbi əməliyyatların dayandırılması haqqında üçtərəfli bəyanatın imzalanmasında Rusiya prezidenti Vladimir Putinin rolundan danışıb.
“Hərbi əməliyyatların müxtəlif mərhələlərində biz Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin ilə təbii ki, müntəzəm əlaqə saxlayırdıq. Hərbi əməliyyatlar başlanandan sonra bizim ilk telefon söhbətimiz oktyabrın 7-də, onun doğum günündə olub. Ənənəvi olaraq mən onu doğum günü münasibətilə təbrik edirəm. Hərbi əməliyyatlar başlayan andan artıq on gün keçmişdi və bu, bizim ilk telefon söhbətimiz idi. Biz müharibənin dayandırılması üçün nə etmək lazım olması məsələlərini də müzakirə etdik”, - deyə İ.Əliyev Rusiyanın “Nasionalnaya oborona” jurnalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiya Prezidenti ilə şəxsi dostluq əlaqələri Moskva və Bakıya İkinci Qarabağ müharibəsində üçtərəfli bəyanatı razılaşdırmağa və qəbul etməyə imkan verib.
“Mənim təkliflərim vardı. Vladimir Vladimiroviç öz müsahibələrinin birində bu təklifləri qismən işıqlandırıb, buna görə də çox təfərrüata varmaq istəmirəm. Lakin artıq məlumdur ki, Rusiya tərəfi də bu təklifləri dəstəklədi, amma erməni tərəfi imtina etdi və mənim fikrimcə, faciəvi, məşum səhvə yol verdi. Ona görə ki, əgər o vaxt onlar mənim təklif etdiyim, Rusiya tərəfindən dəstəklənmiş planı qəbul etsəydilər, məğlubiyyət onlar üçün bu dərəcədə alçaldıcı olmazdı, həm bizim tərəfdən, həm də ermənilər tərəfdən minlərlə hərbi qulluqçu sağ qalardı. Yəni, bu insanların ölümündə məhz hərbi əməliyyatlar dövründə azı iki dəfə bu tarixi şansı əldən vermiş Ermənistan rəhbərliyi təqsirkardır. Onlar güman edirdilər ki, qərbli dostları onlara kömək edəcəklər. Onlar Rusiyadan açıq-aşkar narazılıqlarını bildirirdilər ki, nə üçün Rusiya onların tərəfindən döyüşmür. Hərçənd, Rusiyanın mövqeyi beynəlxalq hüquqa tam müvafiq idi, çünki hərbi əməliyyatlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyətində olan zonada deyil, Azərbaycan ərazisində aparılırdı, ermənilər özləri bunu çox gözəl bilməli idilər”, - deyə İ.Əliyev vurğulayıb.
“Buna görə dediyim mövzuya bir daha qayıdıram, mən dəfələrlə bu cür bəyanatlar etmişəm və bu mövqe Vladimir Vladimiroviç Putinə məlum idi. Biz Şuşa şəhərini azad edəndən sonra Vladimir Vladimiroviç mənə zəng vurdu və dedi ki, erməni tərəfi yerinə yetirməli olduğunu yerinə yetirməyə hazırdır. O soruşdu: “Siz öz mövqeyiniz üzərində dayanırsınızmı?” Mən dedim: “Bəli, mən öz mövqeyimi dəyişmirəm. Əgər onlar işğal altında qalan ərazilərdən öz qoşunlarını çıxaracaqları tarixləri bizə desələr, biz dayanırıq”. Bu, noyabrın 8-də axşam olmuşdu. Noyabrın 9-da isə biz bir daha zəngləşmək barədə razılığa gəldik, çünki Vladimir Vladimiroviç çox fəal rol oynayırdı, o, bir növ mənim ismarışlarımı Paşinyana, onun ismarışlarını mənə çatdırırdı”, - deyə dövlət başçısı qeyd edib.
Onun sözlərinə görə, bu, noyabrın 9-da səhər tezdən gecədən xeyli keçənə qədər davam etdi. “Əlbəttə, razılaşdırılmalı məsələlər həddindən çox idi. Bütün bunlar belə avral rejimində cərəyan edirdi. Təsəvvür edin, düşmənçilik edən iki ölkə arasında sənədin mətni bir gün ərzində razılaşdırılmalı və təbii ki, həmin mətndə reallıqlar nəzərə alınmalı idi. Bu reallıqlar nəzərə alındı. Nəzərə alındı ki, Azərbaycan qalib ölkə, Ermənistan isə kapitulyasiya etmiş ölkədir. Həmin bu razılaşdırma gecədən xeyli keçənə qədər davam etdi. Bakı vaxtı ilə artıq noyabrın 10-u idi, buna görə biz həmin sənədi 10 noyabr tarixli Bəyanat adlandırırıq, Moskva vaxtı ilə ayın 9-u idi. Nəhayət, mətn razılaşdırıldı”, - deyə İ.Əliyev bildirib.
“Lakin Vladimir Vladimiroviç məndən xahiş etdi ki, Paşinyanın da həmin sənədi bizim yanımızda imzalamasını israr etməyim. Rusiya Prezidenti çox nəzakətli, çox həssas insandır, hamıya çox hörmətlə yanaşır və mən dedim ki, israr etməyəcəyəm, qarşı tərəfin alçaldılması ilə bağlı hər hansı əlavə elementlər mənə lazım deyil, çünki bu, insanın yox, ölkənin alçaldılmasıdır, bunu isə biz özümüzə rəva görə bilmərik. Buna görə mən razılaşdım ki, biz həmin sənədi ikilikdə imzalayacağıq, lakin təbii ki, Paşinyanın da bunu haradasa imzalayacağına zəmanət olsun. Onun həmin sənədi harada imzalaması indiyə qədər məlum deyil. Mən dəfələrlə bu barədə açıq soruşmuşam, cavab almamışam, ola bilsin bir il keçəndən sonra biz bunu da biləcəyik, sadəcə, tarix üçün”, - deyə Azərbaycan Prezidenti qeyd edib.*
A.Əzizov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət