Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Rusiya beynəlxalq qaz bazarında rəqib deyil, bununla belə, o, iki ölkənin qaz satışı məsələsində əməkdaşlıq edə biləcəyini istisna etməyib.
“Hazırda Avropada müxtəlif ölkələr arasında Türkiyədən keçməklə Rusiya, Azərbaycan və ya hər hansı digər ölkənin qazına yönəldilmiş interkonnektorların yaradılması üzrə iş gedir. Odur ki, sata biləcəyimiz həcmi dəqiq təsəvvür etmək üçün səylərimizi əlaqələndirmək planında Rusiya ilə Azərbaycan arasında fəal əməkdaşlıq da mümkündür. Başqa sözlə, bir-birimizə problem yaratmamalıyıq. Çünki qazın yüksək qiyməti həm bizim, həm Rusiyanın maraqlarına cavab verir. Buna görə düşünürəm ki, burada söhbət rəqabətdən getmir, həcmlər müqayisə olunmazdır. Lakin, aydındır ki, qaz bazarında hətta kiçik həcmlər bəzən müəyyən əhəmiyyət kəsb edə bilər. Bax, bunun qarşısını almaq üçün biz prinsip etibarilə Rusiya tərəfi ilə bu istiqamətdə iş birliyi qurmağa hazırıq”, - deyə dövlət başçısı Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşdə bildirib.
O qeyd edib ki, Azərbaycan üçün ən cəlbedici tərəfdaş Türkiyədir. “Birincisi, çünki biz müttəfiqik və düşünürəm ki, Türkiyə və Azərbaycan arasında qarşılıqlı fəaliyyət təsəvvür oluna biləcək ən yüksək səviyyədədir. İkincisi, Türkiyə bazarında artan tələbatdır və Rusiya iri təchizatçıdır. Bazar da böyüyür, çünki Türkiyədə qazlaşdırma prosesi gedir. Lakin yaxşı şərtlər təklif olunduğu təqdirdə, əlbəttə, biz istənilən digər variantı gözdən keçirə bilərik”, - deyə prezident əlavə edib.
İ.Əliyev bildirib ki, Avropa komissiyasının məsul nümayəndələri tərəfindən Azərbaycana mövcud vəziyyəti nəzərə almaqla Avropaya qaz tədarükünün artırılması ilə bağlı sorğular daxil olur. “Lakin məsələ ondadır ki, bizim ölkədə Avropaya tədarükə başladığımız bütün həcmlər, biz isə bunu bir ildən bir qədər artıq, Trans-Adriatik qaz kəmərinin tikildiyi zaman etməyə başladıq, hamısı artıq çoxdan, 4 və ya 5 il əvvəl kontraktlaşdırılıb. Siz yaxşı bilirsiniz, qaz elə bir məhsuldur ki, onu əvvəlcə satmaq, sonra isə hasil etmək lazımdır, ona görə də biz, sadəcə, fiziki olaraq, buna malik deyilik, yəni, bizə əlavə qazın lazım olduğunu nəzərə almamışdıq. Bizim ən böyük istehlakçımız Türkiyədir. Ondan sonra İtaliya, sonra Gürcüstan, Yunanıstan, Bolqarıstan. Biz keçən il cəmi 19 milyard kubmetr qaz ixrac etmişik, bu il daha çox olacaq. Ola bilər ki, artığı spot bazarında satılsın”, - deyə prezident qeyd edib.
Onun sözlərinə görə, spot bazarında satışlar cüzi ola bilər, həcmi artırmaq üçün isə təbii ki, potensial var. “Bir neçə ildən sonra biz ən azı iki yeni yataqdan qaz hasil edəcəyik, onlardan birindən artıq gələn il. Bu qaz, təbii ki, xarici bazarda satıla bilər”, - deyə İ.Əliyev əlavə edib.
Prezident, həmçinin deyib ki, uzunmüddətli kontraktlara gəldikdə isə bunun üçün əlavə olaraq sərmayə qoyulmalıdır. “Söhbət böyük həcmlərdən gedirsə, o cümlədən Trans-Adriatik qaz kəmərinin genişləndirilməsinə sərmayə qoymaq lazımdır, çünki o, bizim qazın həcminə uyğun hesablanmışdı. Bütün bunlar, təbii ki, böyük xərc və təminat tələb edir. Artıq bizə bir neçə ölkə müraciət edir, lakin onlar özləri də, yəqin başa düşürlər ki, bu, həll oluna bilməz”, - deyə İ.Əliyev vurğulayıb.*
N.Abbasova
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Yelo Bank tələbələr üçün mentorluq layihəsinə start verib
Bank Respublika Özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrə dəstək oldu!
NEQSOL Holding qlobal təlim təchizatçısı O`Reilly ilə tərəfdaşlığa başlayır
Yayda Bakıda beynəlxalq kənd təsərrüfatı konfransı keçiriləcək
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək