Vergilər Nazirliyi 2008-ci ildə “vahid pəncərə” prinsipi üzrə 45-46 min təsərrüfat subyektini qeydiyyatdan keçirməyə ümid edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Vergilər Nazirliyi kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili və iqtisadi təhlili Baş İdarəsinin rəisi Zaur Fətizadə məlumat verib.
"Hazırda “vahid pəncərə” prinsipi üzrə 40 mindən çox təsərrüfat subyekti qeydiyyata alınıb. Ümumilikdə, 2008-ci ilin yekunları üzrə 45-46 min sahibkar qeydiyyatdan keçirilə bilər”, - deyə Z. Fətizadə bildirib.
Onun sözlərinə görə, nazirlik qeydiyyatdan keçən kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin sayının artımını müsbət hesab edir. “Artıq 2007-ci illə müqayisədə xeyli çox hüquqi şəxs qeydiyyatdan keçib”,- deyə o bildirib.
İdarə rəisi 2009-cu ildə Azərbaycanda işgüzar fəallığın aşağı düşməsini az inandırıcı hesab edir. "Dünyadakı iqtisadi böhrana görə gələn il Azərbaycanda işgüzar fəallığın azalmasını müşahidə edəcəyimizi düşünmürəm. Respublikada sahibkarlar üçün cəlbedici olan kifayət qədər sahə var”,- deyə o qeyd edib.
Xəbər verildiyi kimi, Azərbaycan 2008-ci il yanvarın 1-dən sahibkarların “vahid pəncərə” prinsipi üzrə qeydiyyatı sisteminə keçib. Kommersiya fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin bu sistem üzrə qeydiyyata alınma prosesi Vergilər Nazirliyinin vasitəsilə 3 gün ərzində həyata keçirilir.