Nəqliyyat Nazirliyi 2030-cu ilədək Bakının nəqliyyat infrastrukturunun inkişaf sxeminin hazırlanmasını planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
Nazirliyin nümayəndəsinin sözlərinə görə, hazırda 2020-ci ilədək Bakıda sərnişin nəqliyyatının təkmilləşdirilməsi üzrə Baş plan hazırlanıb. Plan şəhər yollarının reabilitasiyası və yeniləşməsi üzrə layihələrin reallaşması, yeni körpü və yol qovşaqlarının çəkilməsini nəzərdə tutur. Bundan əlavə, plan avtobus parkı strukturunun təkmilləşdirilməsini və onun tənzimlənməsini, həmçinin elektrik nəqliyyatının reabilitasiyası və inkişafını, metronun yeni xətlərinin inşasını nəzərdə tutur.
“Biz həmçinin 2030-cu ilədək Bakının nəqliyyat infrastrukturunun sxemini hazırlamağı planlaşdırırıq. Sxemə Baş plan çərçivəsində bütün tədbirlər, həmçinin Beynəlxalq avtovağzal kompleksinin inşası daxildir. Bütün bu tədbirlərin mərkəzində Bakı şəhərində nəqliyyatın intellektual idarə olunması sisteminin yaradılması layihəsi dayanacaq. Bu sistemin vasitəsilə şəhər nəqliyyatının müasir metodlarla idarə olunması, şəhər hərəkətinin tənzimlənməsi planlaşdırıır”,-deyə nazirlikdən qeyd olunub.
Xəbər verildiyi kimi, Bakıda yol hərəkətinin intellektual idarə olunması sisteminin tətbiqinə dair layihə üzrə işlər artıq başlanılıb. Layihənin reallaşma müddəti 2,5 il təşkil edir və 2010-cu ilin sonlarında və ya 2011-ci ilin yanvar-fevral aylarında tam başa çatdırılacaq.
Layihənin dəyəri $76 mln. təşkil edir. Nəqliyyat Nazirliyi 2008-ci ilin mayında Cənubi Koreyanın SKC & C Co. Ltd şirkətilə Bakı şəhərində nəqliyyatın intellektual idarə olunması Mərkəzinin yaradılması haqda müqavilə imzalayıb.