İran prezidentinin müşaviri, mədəniyyət və islam əlaqələri təşkilatının sədri Mehdi Mustafavinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
M.Mustafavi ölkəyə mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin dəvətilə gəlib. O, oktyabrın 29-dək Bakıda olacaq.
Qonaqlar Azərbaycan nazirlikləri və komitələrində rəsmi görüşlər keçirəcəklər, həmçinin müxtəlif tədbirlərdə iştirak edəcəklər.
Bazar ertəsi Muzey Mərkəzində fotosərginin keçirilməsi planlaşdırılır. Oktyabrın 27-də qısametrajlı filmlər festivalının açılışı olacaq. Oktyabrın 28-də mədəniyyət və turizm naziri Əbülfəz Qarayevlə görüş olacaq, Bakıda “Xəzər” meydanında İmam Rzanın mövlud günü qeyd olunacaq.