Fransa mülki müdafiə sisteminin yenidənqurulması və modernləşdirilməsində Azərbaycana yardım edəcək. Bu barədə Fransanın Azərbaycandakı səfiri Bernar dü Şafo cümə axşamı keçirdiyi mətbuat konfransında bildirib. Onun sözləinə görə bu yardım prezident İlham Əliyevin yanvarın 29-31-də Fransaya rəsmi səfəri zamanı imzalanması nəzərdə tutulan mülki müdafiə sahəsində əməkdaşlıq haqqında saziş çərçivəsində ediləcək. «Bundan başqa, sözügedən saziş çərçivəsində yüksək texnologiyalar sahəsində ixtisaslaşmış Fransa şirkəti fövqəladə halların idarəolunması şəbəkəsinin yaradılmasına kömək edəcək. Saziş həmçinin Azərbaycanda yanğınsöndürənlər və xilasedicilər məktəbinin yaradılmasını, o cümlədən respublikaya yanğınsöndürən maşınların verilməsini nəzərdə tutur”, - deyə səfir qeyd edib.