Azərbaycanda 60 min gənc ailə mənzilə ehtiyac duyur. Bu barədə gənclər və idman naziri Azad Rəhimov bəyan edib.
«Hazırda respublikada 60 min ailənin mənzil problemi var. Ailələrin bir hissəsi mənzil almağa, digər hissəsi mənzil şəraitini yaxşılaşdırmağa çalışır», - deyə A.Rəhimov cümə günü mətbuat-konfransında bildirib. Onun sözlərinə görə Bakı şəhər İcra Hakimiyyəti Hövsanı qəsəbəsində (Bakı ətrafında) gənclər şəhərciyinin salınması üçün Gənclər Nazirliyinə 3 hektar sahə ayırıb. Nazirlik isə bu sahəni tikinti işləri ilə məşğul olacaq tikinti şirkətinə verməyi planlaşdırır. O əlavə edib ki, Gənclər Nazirliyinə tikinti şirkətləri tərəfindən işlərin görülməsi ilə bağlı hələlik konkret təkliflər daxil olmayıb. «Nazirliyin başlıca vəzifələrindən biri bu şəhərciyi vacib kommunikasiyalarla təmin etməkdir. Gənc ailələr ipoteka krediti çərçivəsində şəhərcikdə mənzil ala biləcək ki, bu da onlara mənzili daha ucuz qiymətə əldə etməyə imkan verəcək», - deyə nazir qeyd edib. O xatırladıb ki, bu həftə prezident İlham Əliyev ipoteka kreditinin verilmə mexanizminə dəyişiklikləri təsdiq edib. Bu dəyişikliklər ipoteka krediti alıcılarının sayının artırılmasına yönəlib. Yeni şərtlərə əsasən, bir ipoteka krediti üçün maksimum məbləğ 50 min manat, kreditlərin verilməsinin maksimum müddəti 25 il, maksimum faiz dərəcəsi isə illik 8% təşkil edəcək. Bundan başqa, cari ildə tətbiq olunacaq güzəştli ipoteka kreditləri sistemi üzrə maksimum məbləğ 35 min manat, illik dərəcə - 4%, qiymətləndirmə (kotirovka) dərəcəsi isə 1% olacaq. Kreditlərin müddəti 3 ildən 30 ilədək ola bilər.