Azərbaycanın Milli Məclisi Büdcə Məcəlləsini 2008-ci ildən tez qəbul edə bilməz. Bunu parlamentin iqtisadi siyasət üzrə komissiyasının sədri Ziyad Səmədzadə bəyan edib.
“Komissiyamız belə məcəllənin hazırlanması ilə bağlı təklifi dəstəkləyir. Lakin Büdcə Məcəlləsinin 2008-ci ildən tez qəbul edilməsi mümkün deyil. Biz bütün məsələləri təfərrüatı ilə nəzərdən keçirməliyik. Hətta maliyyə planlaşdırılması cəhətdən irəlidə olan Rusiyanın özündə belə Büdcə Məcəlləsi barədə hələ indi fikirləşirlər”, - deyə Z.Səmədzadə bildirib. Onun sözlərinə görə məcəllənin qəbul edilməsilə ölkənin maliyyə sistemində fəaliyyətin səmərəliliyi artacaq. “Hələ 5-10 il əvvəl biz məcəllə qəbul etmək kimi məsələ qaldıra bilməzdik. Lakin artıq bizim büdcə sahəsində qanunlarımız bir çox parametrlərinə görə dünya standartlarına uyğun gəlir. Onları bir məcəllədə birləşdirmək Azərbaycanın maliyyə-kredit sistemi üçün çox zəruridir”, - deyə Z.Səmədzadə qeyd edib.
Xəbər verildiyi kimi, Büdcə Məcəlləsinin qəbul edilməsinin təşəbbüskarı ölkənin Hesablama Palatasıdır. Bu yaxınlara kimi Maliyyə Nazirliyi belə məcəllənin hazırlanmasını məqsədəuyğun hesab etmirdi. Lakin bu həftə maliyyə naziri Samir Şərifov belə məcəllənin qəbul edilməsinin aktuallığını qeyd edərək, Nazirliyin mütəxəssislərinin onun layihəsini işləməyə hazır olduqlarını bildirib.