İsveçrənin “Entec” şirkəti Azərbaycanda bərpa oluna bilən elektrik enerji mənbələri üzrə ətraflı layihəni iyul ayına qədər Sənaye və Energetika Nazirliyinə təqdim edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirliyin iqtisadi şöbəsinin rəisi Rafiq Əliyev məlumat verib.
“Hazırda şirkət Azərbaycanın bərpa oluna bilən enerji mənbələri üzrə imkanlarını öyrənir və təhlil edir. Biz ilkin variantla bağlı təkliflərimizi şirkətə təqdim etmişik. Bunun əsasında müfəssəl layihə hazırlanacaq və 2007-ci ilin iyul ayına qədər bizə təqdim olunacaq”, - deyə R.Əliyev bildirib.
Onun sözlərinə görə bu layihə ölkənin bərpa oluna bilən elektrik enerji mənbələri üzrə potensialını daha dəqiq qiymətləndirməyə və konkret layihələri həyata keçirmək üçün optimal variant seçməyə imkan verəcək.
Bərpa oluna bilən enerji mənbələri proqramının hazırlanması üzrə $900 min sərf olunacaq. Bundan $500 mini Asiya İnkişaf Bankı (AİB), $200 min Finlandiya hökuməti, $200 min Azərbaycan hökuməti ayırıb. Layihə 10 ay ərzində gerçəkləşdiriləcək.
Layihə 2 faza üzrə hazırlanacaq. 1-ci faza ölkədə mövcud vəziyyətin öyrənilməsi və təhlilini, 2-ci faza isə AİB tərəfindən maliyyələşdirilməsi üçün layihələrin texniki-iqtisadi əsaslandırılmasının (TİƏ) hazırlanmasını və prioritet istiqamətlərin seçilməsini nəzərdə tutur.