BMT tərəfindən aprel ayının 23-29-da elan olunmuş I Global Yol Təhlükəsizliyi həftəsi çərçivəsində Azərbaycanda geniş maarifçilik işi aparılacaq. Gənclər və idman nazirinin müavini İntiqam Babayevin verdiyi məlumata görə Bakıda və ölkənin bir çox şəhərlərində bu sahədə bir sıra tədbirlər həyata keçiriləcək.
“Gənclər və İdman Nazirliyi yollarda təhlükəsizliyə həsr olunmuş plakat və bukletlər hazırlayıb. Aprel ayının 24-25-də gənclər təşkilatlarının nümayəndələri adamların sıx olduğu küçələrdə, yeraltı keçidlərdə, işıqforlarda, sürücülər arasında onları yayacaq”,-deyə İ.Babayev çərşənbə axşamı Bakıda I Qlobal Yol Təhlükəsizliyi həftəsinin açılışında bildirib.
Bununla bağlı “İrəli” Gənclər Hərəkatı 8 min buklet hazırlayıb. Onlar Bakı, Sumqayıt və Gəncə əhalisi arasında yayılacaq.
İ.Babayev qeyd edib ki, yol təhlükəsizliyinin təbliği məqsədilə aprel ayının 26-da gənclər və “yahoogroups” arasında e-mail-hücumlar təşkil olunacaq. Aprel ayının 27-də isə tıxacların müşahidə olunduğu işıqforların yanında, mərkəzi küçələrdə, piyadalar və sürücülər arasında yollarda bədbəxt hadisələrin qarşısının alınmasına yönəlik “Səbr et, tələsmə” adlı maarifləndirmə aksiyası keçiriləcək.