Gəncə avtomobil zavodu Minsk avtomobil zavodunun yük maşınlarının yığımına başlayır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə zavoddan məlumat verilib.
“İlkin mərhələdə 9 modelin yığılması nəzərdə tutulur. Hazırda yığım meydançasının montajı başa çatdırılır. İlk avtomobillərdən biri “МАЗ-631705 Pəhləvan”, digəri isə “Gəncə” adlandırılacaq. Aprel ayının 30-da ilk MAZ-ın təqdimatı keçiriləcək.
Hazırda Gəncə zavodu Minsk traktor zavodunun traktorlarının yığımını da həyata keçirir. 2007-ci ildə 1 min traktorun yığılması planlaşdırılır.
Zavodun yığım gücü ildə 2 min traktor və 750 ədəd MAZ yük maşınıdır.
Gəncədə bütün tip yük maşınlarının, traktorların yığılması və satışına dair müqavilə 2006-cı ilin noyabr ayında Minskdə imzalanıb.
2006-cı ilin oktyabr ayından Gəncə avtomobil zavodunda Çinin “Chan Gan” firmasının orta tonnajlı yük maşınlarının yığılması həyata keçirilir.
Hazırda 70-dən çox avtomobil yığılıb.