Avropa Birliyi aprelin 20-də “Realnıy Azərbaycan” və “Gündəlik Azərbaycan” qəzetlərinin redaktoru Eynulla Fəyullayevin böhtan ittihamı ilə 2 il yarım həbs cəzasına məhkum edilməsindən xəbər tutub. Bu barədə AB-nin cümə günü yayılmış bəyanatında deyilir.
«Biz martın 1-də daimi Şurada səsləndirilmiş narahatlığımızı təkrar etmək istəyirik. İctimai məmurların böhtanla bağlı cinayətkar iddiaları KİV-in azadlığının məhdudlaşdırılmasına yönəlib», - deyə bəyanatda deyilir. O da vurğulanır ki, AB ATƏT-in KİV-in azadlığı üzrə nümayəndəsi Mikloş Haraştinin bu hökmlə bağlı “aydın və əsaslı reaksiyası” ilə tam həmrəydir. «AB onun Azərbaycana bu səfərini alqışlayır və hökuməti onunla konstruktiv dialoqa çağırır. Biz səfərin nəticəsi olaraq mütərəqqi addım gözləyirik. Azərbaycanda KİV-in azadlığı sahəsində vəziyyətlə bağlı onun narahatlığını təkrar edərək, AB M.Haraştidən səfəri barədə məlumat almağı səbirsizliklə gözləyir və bu məsələyə yaxın gələcəkdə qayıtmaq niyyətindədir», - deyə sənəddə deyilir.
Cümə günü prezident İlham Əliyev M.Haraştini qəbul edib. Görüşdə respublikada KİV-in inkişafı, söz və mətbuat azadlığı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.