Azərbaycan Əfqanıstanda öz sülhməramlı kontingentinin sayını iki dəfə artırmaq niyyətindədir. Bu barədə «İnterfaks-Azərbaycan» agentliyinə respublika XİN-nin mətbuat katibi Xəzər İbrahim məlumat verib.
«Azərbaycanlı sülhməramlıların sayının 40-44 nəfərə qədər artırılması ilə bağlı planlar mövcuddur», - deyə o qeyd edib. X.İbrahimin sözlərinə görə hazırda Əfqanıstanda 22 azərbaycanlı sülhməramlı xidmət göstərir.
Azərbaycanın sülhməramlıların sayını iki dəfə artırmaqla bağlı planları barədə ABŞ Dövlət Departamentinin 2006-cı ildə dünya ölkələrinin terrorizmlə mübarizəsi barədə bu günlərdə dərc olunmuş hesabatında göstərilib.
Bununla yanaşı, respublikanın XİN nümayəndəsi hələlik Əfqanıstandakı sülhməramlıların sayının artırılacağının dəqiq tarixi barədə danışmağın tez olduğunu vurğulayıb. «Təbii ki, sülhməramlıların hazırlanması, onlar üçün treniniqlərin keçirilməsi üçün müəyyən vaxt tələb olunur», - deyə o qeyd edib.
DD-nin hesabatında Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə oynadığı rol yüksək qiymətləndirilib.