Azərbaycan Rusiya ilə münasibətlərin inkişafına böyük önəm verir. Bu barədə prezident İlham Əliyev bazar ertəsi Bakıda RF-nın XİN başçısı Serqey Lavrovla görüşündə bəyan edib.
“Sizin səfəriniz münasibətlərimizin təhlilinə yaxşı imkanlar yaradır”,-deyə İ.Əliyev rusiyalı nazirə bildirib. “Münasibətlərimiz konstruktiv, dostluq şəraitində qurulur. Biz siyasi, iqtisadi, humanitar sahələrdə münasibətlərin inkişafından razıyıq”,-deyə prezident qeyd edib. O deyib ki, Azərbaycanla Rusiya arasında əlaqələr strateji xarakter daşıyır ki, bu da “bütün istiqamətlərdə gələcək əməkdaşlıq üçün yaxşı şərait yaradır”. “Biz bunda maraqlıyıq və əməkdaşlığın çoxplanlı xarakter almasına səy göstəririk”,-deyə İ.Əliyev vurğulayıb. Prezidentin sözlərinə görə Azərbaycanla Rusiya arasında mehriban qonşuluq münasibətləri regional sabitliyi daha da möhkəmləndirir.
RF XİN başçısı isə bildirib ki, prezident Vladimir Putin iki dövlət başçısı arasında öncə əldə olunmuş razılaşmanı təsdiqləyir. “Biz həmkarım Elmar Məmmədyarovla həmin razılaşmaların icrasının gedişini müzakirə etdik və əməkdaşlığın gedişatından razı qaldığımızı bildirdik. Biz Azərbaycanla əlaqələri xüsusi qiymətləndiririk”,-deyə S.Lavrov vurğulayıb.