Nazirlər Kabineti “Yeni emalatxanaların rəssam və heykəltəraşlar tərəfindən istifadə qaydaları”nı təsdiqləyib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə NK-dan məlumat verilib.
Qaydalara əsasən, rəssam və heykəltəraşların iş şəraitini yaxşılaşdırmaq üçün Bakı, Gəncə və Naxçıvanda müasir emalatxana komplekslərinin yaradılması planlaşdırlır. “Bu komplekslərdə yeni emalatxanalar yalnız Azərbaycan Rəssamlar İttifaqının üzvü olan rəssam və heykəltəraşların istifadəsinə verilə bilər. Bu halda, emalatxanalardan istifadə istifadəçi ilə Dövlət Əmlakının İdarəolunması üzrə Dövlət Komitəsi arasında bağlanan icarə müqaviləsi əsasında mümkündür”, - deyə məlumatda bildirilir.
Şərtlərə əsasən, Dövlət Əmlakının İdarəolunması üzrə Dövlət Komitəsi emalatxanaların qeyri-səmərəli və məqsədsiz istifadəsi aşkar edildiyi təqdirdə icarə müqaviləsini pozmaq səlahiyyətinə malikdir. Bundan başqa, emalatxana istifadəçiləri kommunal xərcləri əhali üçün nəzərdə tutulmuş qiymətlər əsasında ödəyəcəklər.