Azərbaycan və Polşa beynəlxalq terrorizm, mütəşəkkil cinayətkarlıq və qanunsuz miqrasiya ilə mübarizədə əməkdaşlıq etməlidir. Bu barədə Polşanın daxili işlər naziri Yanuş Kaçmarek məlumat verib.
“Bu gün Azərbaycan prezidenti ilə görüşümdə qeyd olunub ki, ölkələrimiz arasında ümumi seqmentlər var və bu, terrorizm, qanunsuz miqrasiya və mütəşəkkil cinayətkarlıqla mübarizədə əməkdaşlıga əsas verir”,-deyə Y.Kaçmarek cümə günü Bakıda Azərbaycan DİN başçısı Ramil Usubovla görüşündə bildirib. Polşalı nazir qeyd edib ki, nazirlik rəhbərlərinin görüşünün keçirilməsi beynəlxalq terrorizmlə mübarizədə böyük önəm kəsb edir. “Bu gün mütəşəkkil cinayətkarlığın heç bir sərhəddi yoxdur və belə görüşlər buna qarşı mübarizə üçün vacibdir. Sevindirici haldır ki, gələcəkdə Azərbaycanla Polşa arasında terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə haqda müqavilə imzalanacaq”,-deyə Y.Kaçmarek vurğulayıb. Bundan başqa o, Polşa tərəfinin hüquq-mühafizə sahəsində təcrübə mübadiləsinə hazır olduğunu bildirib.
Azərbaycan DİN başçısı Ramil Usubov da terrorla mübarizə sahəsində əməkdaşlığın vacibliyini qeyd edib. “Azərbaycan prezidentilə görüşdə toxunulan məsələlər – beynəlxalq terrorizm, qanunsuz miqrasiya – bütün bunlar qlobal problemlərdir ki, buna qarşı mübarizədə bütün ölkələrin səylərinin birləşdirilməsi vacibdir”,-deyə R.Usubov vurğulayıb. Nazir deyib ki, Azərbaycanla Polşa arasında beynəlxalq terror və mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə əməkdaşlıq haqda müqavilənin imzalanması hökumətlərarası saziş imzalandıqdan sonra planlaşdırılır.
Polşa DİN başçısının Azərbaycana səfəri iyun ayının 1-2-dək davam edəcək. Səfər zamanı qonaq baş nazir Artur Rəsizadə və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevlə də görüşəcək.