Dövlət Gömrük Komitəsi (DGK) 2007-ci ilin yanvar-may aylarında dövlət büdcəsinə 292,24 mln. manat vergi və rüsum köçürüb ki, bu da ötən ilin analoji dövrünə olan göstəricidən 41,89% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
“Gömrük orqanları 2007-ci ilin yanvar-may aylarında dövlət büdcəsinə vergi və rüsum köçürmələri üzrə plan tapşırıqlarını artıqlaması ilə yerinə yetirib. 288,4 mln. manat məbləğində köçürmələr planında faktiki həcm 292,24 mln. manat təşkil edib. Bununla yanaşı, hesabat dövrü ərzində dövlət büdcəsinə köçürmələr üzrə plan 101,33% yerinə yetirilib”, - deyə DGK-dakı mənbə bildirib. Onun sözlərinə görə 2006-cı ilin yanvar-may ayları ilə müqayisədə DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 41,89% artaraq 86,28 mln. manata çatıb.
2007-ci ilin dövlət büdcəsinə dəyişikliklərə əsasən, DGK-nın xətti ilə dövlət büdcəsinə vergi və rüsum köçürmələri üzrə plan 770 mln. manat səviyyəsində təsdiqlənib.