İtaliyanın “Edison” şirkəti Azərbaycan qazının alınmasına maraq göstərir. Bu barədə jurnalistlərə sənaye və energetika naziri Natiq Əliyev cümə günü məlumat verib.
«Hazırda “Şahdəniz” yatağından Azərbaycan qazının satışı “Azerbaijan Supply Co.” , Yunanıstanın “DEPA” və İtaliyanın “Edison” şirkərləri arasında vaxtaşırı müzakirə olunur. Yaxın vaxtlarda “Edison” şirkətinin nümayəndə heyətinin Bakıya səfəri gözlənilir və biz onlarla bu məsələ barədə müəyyən müzakirələrin aparılmasını nəzərdə tutmuşuq», - deyə nazir qeyd edib. Onun sözlərinə görə hazırki infrastruktur Azərbaycan qazının Yunanıstana nəql olunmasına imkan versə də hələlik İtaliyaya çıxış yoxdur. Lakin bu məsələnin əməli olaraq reallaşdırılması üçün Türkiyə ərazisindən qazın nəqli ilə bağlı Türkiyə, Türkiyənin qazpaylayıcı şəbəkəsinin operatoru olan “BOTAS” şirkəti, eləcə də qazın İtaliyaya nəqli ilə bağlı müvafiq danışıqlara başlamaq üçün Yunanıstanla qaz alqı-satqısı barədə hökumətlərarası saziş mövcud deyil. «Hər şey Türkiyənin Azərbaycan qazının nəqli üçün bizə ərazini hansı şərtlərlə verəcəyindən asılıdır. Lakin hesab edirəm ki, bu məsələlər üzrə danışıqlar prosesini artıq indidən tezləşdirmək lazımdır ki, bu da “Şahdəniz” yatağının işlənilməsində ikinci mərhələnin (Mərhələ -2) reallaşdırılmasını sürətləndirməyə imkan verəcək. Şirkətlərin 2-ci mərhələyə əminliklə investisiya qoymasını təmin etmək üçün ilkin razılaşmaların olması zəruridir», - deyə N.Əliyev bildirib.
“Şahdəniz” yatağının ehtiyatları 625 mlrd. kubmetr qaz və 101 mln. ton kondensat həcmində qiymətləndirilir. “Şahdəniz” yatağının işlənməsi üzrə 2003-cü ilin fevralın 27-də sanksiyalaşdırılmış «Mərhələ-1» 178 mlrd. kubmetr qaz və 34 mln. ton kondensatın hasilatını nəzərdə tutur. Yataqdan 1-ci mərhələ üzrə («Mərhələ-1») maksimal hasilat ildə 8,4 mlrd. kubmetr qaz və 2 mln. ton kondensat olacaq. Ümumilikdə, gələcək işlənmə mərhələlərində ildə 16 mlrd. kubmetr qazın hasil olunması nəzərdə tutulub.
“Mərhələ-2” çərçivəsində qaz hasilatına 2012-ci ildən başlanılması planlaşdırılıb.
“Şahdəniz” yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il Milli Məclisdə ratifikasiya olunub. “Şahdəniz” layihəsinin iştirakçıları: BP (opreator – 25,5%), “Statoil” (25,5%), Azərbaycan Dövlət Neft Şirkəti (10%), “LUKoil” (10%), “NICO” (10%), “TotalFinaElf” (10%) və “TPAO” (9%) şirkətləridir.