Bazar ertəsi Bakıda NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində beynəlxalq humanitar hüquq üzrə kurslar başlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, kurslar iyunun 22-nə qədər davam edəcək.
Bundan başqa, azərbaycanlı hərbu qulluqçular NATO-nun qeyd olunan proqramı çərçivəsində həmin günlərdə Almatıda qərargah zabitləri üçün keçiriləcək tanışlıq kurslarında iştirak edəcək.
Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri həmçinin iyunun 18-dən iyulun 1-nə qədər Klaypeddə keçiriləcək «Amber Hope – 2007» təlimlərinə qatılacaq.
Türkiyə ilə ikitərəfli hərbi əməkdaşlıq çərçivəsində nazirliyin nümayəndələri iyunun 18-dən 29-na qədər İstanbulda təşkil olunacaq “Silah-sursat” mövzusuna həsr olunmuş kurslarda iştirak edəcək, eləcə də iyunun 19-22-də sülhməramlı qüvvələrin hazırlığı və “Sülh naminə tərəfdaşlıq” proqramı təlim mərkəzinin işi ilə tanış olacaq.
Azərbaycanlı hərbi qulluqçular ABŞ-la ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq iyunun 20-22-də Avropa Silahlı Qüvvələrinin baş serjantları üçün Almaniyada keçiriləcək konfransda iştirak edəcək.