GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) təşkilatı çərçivəsində azad ticarət zonasının yaradılması üzv ölkələr arasında əmtəə dövriyyəsini bir neçə dəfə artıracaq. İqtisadi inkişaf naziri Heydər Babayev belə hesab edir.
“Biz (iqtisadi blok nazirləri –İF) ticarətdə, azad ticarət sisteminin tətbiqində mövcud maneələrin aradan qaldırılmasından danışdıq. Biz GUAM çərçivəsində azad ticarət sisteminin inkişafına dair sənəd hazırlamışıq. Sənəd dövlət başçılarına təqdim olunub”,-deyə H.Babayev çərşənbə axşamı jurnalistlərə məlumat verib. Onun sözlərinə görə sənəddə nəzərdə tutulan bütün tədbirlər yerinə yetirilərsə, “GUAM ölkələri çərçivəsində əmtəə dövriyyəsi bir neçə dəfə artacaq”.
H.Babayev qeyd edib ki, GUAM-a daxil olan ölkələrin dövlət qurumlarının vəzifəsi sahibkarlar üçün zəruri infrastrukturun yaradılmasıdır. “Bu, güclü qanunverici bazanı, sahibkarların sıx əlaqəsini təmin etmək məqsədilə onlar arasında görüşlərin təşkilini əhatə etməlidir. Belə olan halda əmtəə dövriyyəsinin həcminin artırılması ilə bağlı vəzifələrə nail olmaq mümkündür”,-deyə nazir əlavə edib.
Qeyd edək ki, Bakıda GUAM dövlət başçılarının ikinci sammiti çərşənbə axşamı keçirilib.