Nyu-York şəhərinin meri Maykl Blumberq ABŞ-ın “Respublikaçılar” partiyasının sıralarını tərk edib. Əvvəllər o, Demokratlar partiyasının üzvü olsa da sonralar respublikaçılarla birləşmişdi.
Buna baxmayaraq, Amerikanın ən iri şəhərlərindən birinin 65 yaşlı meri gələn il keçiriləcək seçkilərdə ABŞ prezidenti vəzifəsinə öz namizədliyini irəli sürəcəyi ilə bağlı bütün şaiyələri rədd edib. Analitiklərin fikrincə, M.Blumberqin qərarı onun seçkilərdə müstəqil namizəd kimi iştirak etmək niyyətindən irəli gəlir. Həm də o, 2009-cu ildə üçüncü dəfə şəhər rəisi vəzifəsinə öz namizədliyin irəli sürmək hüququna malik deyil.
Öz adını daşıyan informasiya agentliyinin sahibi olan milyarder M.Blumberq ABŞ-ın ən zəngin sakinlərindən biri hesab edilir. Amerika mətbuatının verdiyi məlumata görə o, Ağ Evin sahibi olmaq uğrunda mübarizədə 1 milyard dollar xərcləyə bilər ki, bu da ölkə tarixində rekord məbləğ olacaq.