Azərbaycanın daxili bazarında neft məhsullarının həcmi 2007-ci ilin yanvar-may aylarında 1 mln. 789,7 min ton təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 13% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
“Mazut 57,3%, avtomobil benzini – 15,8%, dizel yanacağı - 14,5%, kerosin – 9,2%, digər neft məhsulları – 3,2% təşkil edib”,-deyə Komitədən bildirilib.
Neft məhsullarının ümumi həcmindən 54% mühərrik yağı, 49,1% dizel yanacağı, 27,7% avtomobil benzini, 3,2% mazut ARDNŞ-nin Marketinq və İqisadi Əməliyyatlar İdarəsinə verilib.
“Azpetrol” neft şirkəti 53,7% avtomobil benzini və 38,5% dizel yanacağı alıb.
“Azərbaycan hava yolları” Dövlət Konserninə 95,1% aviakerosin, Rusiyanın “LUKoyl” şirkətinə 18,6% avtomobil benzini və 10,1% dizel yanacağı, Xəzər dəniz gəmiçiliyinə 46% mühərrik yağı, 100% mühərrik yanacagı, 2,3% dizel yanacağı, “Azərenerji” SC-ya 93,5% odluq mazut verilib.
Neft emalı zavodlarının anbarlarında satılmamış məhsulun həcmi 2007-ci il iyun ayının 1-nə 34,9 mln. manat təşkil edib.
Anbarlarda 46,8 min ton mazut, 37,1 min ton dizel yanacağı, 19 min ton sürtkü yağları, 18,8 min ton avtomobil benzini, 23,1 min ton kerosin, 2,2 min ton digər neft məhsulları qalıb.