Azərbaycan Auditorlar Palatası (AAP) və Polşa Milli Auditorlar Palatası (PMAP) arasında Varşavada əməkdaşlıq haqqında protokol imzalanıb.
“AAP-nın nümayəndə heyəti Polşaya səfər çərçivəsində iki struktur arasında əməkdaşlıq haqqında protokol imzalayıb. İmzalanan sənədə görə tərəflər auditor xidmətinin inkişafı, fəaliyyətin bu sahəsinin nizamlanmasında, eləcə də korrupsiya və iqtisadi cinayətlərlə mübarizədə təcrübə mübadiləsi məsələlərində əməkdaşlıq edəcəklər”, - deyə AAP-nın nümayəndəsi “İnterfaks-Azərbaycan” agentliyinə bildirib. Onun sözlərinə görə bundan başqa AAP və PMAP kadrların hazırlanması, audit problemlərinə həsr olunan birgə seminar və konfransların təşkili məsələlərində əməkdaşlıq edəcək. “Bununla yanaşı, iki ölkə strukturları arasında əməkdaşlıq audit sahəsində tətbiq olunan qanunvericilik və informasiya aktları, eləcə də auditorların tədrisində müasir alətlərin tətbiqi barədə informasiya mübadiləsini nəzərdə tutur ”, - deyə o əlavə edib.