Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsi pambıq lifi və pambıq-parça məmulatlarının istehsalı ilə məşğul olan “Mingəçevir-Toxucu” SC-nin səhmlərinin 99,31%-nin satışı üzrə investisiya müsabiqəsi elan edib.
Komitənin məlumatında deyilir ki, 683 010 səhmin satışı üzrə müsabiqədə həm yerli, həm də xarici investorlar iştirak edə bilər.
Müsabiqə iştirakçıları tərəfindən hazırlanan investisiya proqramı yüksək keyfiyyətli pambıq-parça məmulatlarının istehsalının təminatına yönəlib. Bununla əlaqədar, proqram yeni texnologiyaların tətbiqi, yeni iş yerlərinin açılması və işçilərin sosial təminatına dair təklifləri nəzərə almalıdır. Həmçinin investisiya proqramı həmin məqsədlə investisiya həcmini və onların yatırım müddətini əhatə etməlidir. Müsabiqənin qalibi səhmə görə dövlət büdcəsinə ən azı 750 min manat köçürməli, həmçinin hesabdan silinmək üçün ən azı 30 min özəlləşdirmə çekini təqdim etməlidir. Xarici investor isə qalib gələcəyi təqdirdə analoji sayda özəlləşdirmə opsionu təqdim etməlidir.
Səhmlərin alqı-satqısı haqda müqavilə müsabiqənin nəticələri təsdiqləndiyi vaxtdan 30 gündən gec olmayaraq imzalanmalıdır. Müqavilə imzalandıqdan sonra müsabiqənin qalibi 90 gün ərzində dövlət büdcəsinə müsabiqə təklifində nəzərdə tutulmuş səhmə görə vəsait ödəməli və hesabdan silinmək üçün özəlləşdirmə çekləri təqdim etməlidir. Müqavilə imzalandıqdan 60 gün sonra isə onun tərəfindən bəyan olunmuş investisiyaların ümumi həcminin 5%-nə qədərini SC-nin hesabına köçürməlidir.
Müsabiqə üzrə təkliflərin qəbulu 2007-ci il iyul ayının 16-dək keçiriləcək. Təkliflərin qiymətləndirilməsi iyulun 18-də baş tutacaq. Ciddi maraq göstərən iddiaçılar Dövlət Əmlakının İdarə Olunması üzrə Əmlak Komitəsinə 250 min manatdan az olmayaraq vəsait köçürməlidir.
2007-ci il iyun ayının 1-nə olan məlumata görə SC-nin borcu 775,778 min manat, debitor borcu 2 mln. 957,667 min manat təşkil edib.
Müəssisə 1960-cı ildə istismara verilib 14 ha sahəni əhatəni edir. SC-də 781 nəfər çalışır.
SC-nin nizamnamə kapitalı 2007-ci il iyunun 1-nə 1 mln. 375,568 min manat təşkil edib. Nizamnamə kapitalı dəyəri 2 manat nominalında adi səhmlərə bölünüb.