Azərbaycan banklarının məcmu aktivləri 2007-ci il yanvar-may aylarında 9,3% artaraq 2007-ci il iyunun 1-də 4 mlrd. 658,6 mln. manat təşkil edib.
Milli Bankın “İnterfaks-Azərbaycan” agentliyinə verdiyi məlumata görə bankların aktivlərinin strukturunda müştərilərə verilən kreditlər (65,5%) 3 mlrd. 051 mln. manat (artım 43,3%) həcmində xüsusi çəkiyə malikdir.
Bankların müxbir hesablarının payına 432,3 mln manat (azalma 40,6%), nağd pulların payına 220,9 mln manat (artım 2,8%), investisiyaların payına isə 315,7 mln manat və ya 6,8% (artım 36,8%) düşüb.
Bundan əlavə, bank aktivlərinin strukturunda maliyyə sektoruna verilən kredit və depozitlərin payına 223,7 mln manat (artım 47,5%), başqa aktivlərin payına isə 415 mln manat (artım 27,8%) düşüb.
Passivlərin strukturunda 2007-ci il iyunun 1-də bankların öhdəlikləri 3 mlrd. 891 mln manat (artım 22,6%) təşkil edib.
Öhdəliklərin tərkibində ən böyük xüsusi çəkiyə həcmi 2521,6 mln manat və ya passivlərin 54,1%-ni (artım 12,9%) təşkil edən depozitlər malikdir. Bü depozitlərdən xarici valyutada olan depozitlərin payına 1 mlrd 264,9 mln manat, milli valyutada olan depozitlərin payına 989,7 mln manat, qalanları isə dövlət hesablarının payına düşüb. Fiziki şəxslər banklara 985 mln. manat (artım 20,2%) pul qoyublar.
Bankların öhdəliklərinin tərkibində maliyyə sektorundan alınan kredit və depozitlərin payına 1 mlrd. 078,7 mln manat (artım 46,5%), qalan öhdəliklərin payına isə 290,7 mln manat (artım 41,5%) düşüb.
Passivlərin tərkibində bank kapitalının xüsusi çəkisi 16,5% və ya 767,6 mln manat (11,2% artım) təşkil edib.
2006-cı il iyunun1-də orta məxrəclə hər bankın payına 17,4 mln manat nizamnamə kapitalı düşüb ki, bu da 2007-ci ilin əvvəllərinə olan göstəricidən 27% çoxdur.
Ümumiyyətlə, ölkədə 44 bank fəaliyyət göstərir ki, onlardan 21 xarici kapitalın iştirakı ilə fəaliyyət gösrərir.
Milli Bankın tələblərinə əsasən hər bankın ümumi kapitalının minimal həcmi 2007-ci il yanvar 1-də 8,2 mln. manat, 2007-ci il iyulun 1-də isə 10 mln. manat olub.
Ölkədəki bütün bankların 2007-ci ilin yanvar-may aylarında xalis mənfiəti 58,99 mln. manat təşkil edib ki, bu da 2006-cı ilin müvafiq dövründəki göstəricidən 2,2 dəfə çoxdur.
Ötən ili mənfiətlə başa vurmuş bankların sayı 1 bank azalaraq 34 bank təşkil edib.
2007-ci il yanvar-may aylarında 9 bank (balans rəqəmləri yekun məlumatlarda nəzərə alınmayan bir bankı çıxmaq şərtilə) bu müddəti 6,96 mln manat zərərlə başa vurub. Bununla bərabər ölkədə zərər gətirən bankların sayı 1 bank, zərərin həcmi isə 3,4 dəfə çoxalıb.