Cəlilabad şərab şirkəti (Jalilabad Wine Company) üzümün ilkin emalı və şərab istehsalı ilə məşğul olan “Cəlilabad şərab-2” SC-nin (Cəlilabad rayonunda fəaliyyət göstərir) səhmlərinin 97,48%-nin satışı üzrə keçirilmiş investisiya müsabiqəsinin qalibi elan edilib. Bu barədə Dövlət Əmlakının İdarəolunması üzrə Dövlət Komitəsinin məlumatında deyilir.
İnvestisiya müsabiqəsində «Jalilabad Wine Company” SC-in 171 940 səhmini alıb. Şirkət 18 gün ərzində SC-nin inkişafına 2,5 mln. manat vəsait yatırmağı öhdəsinə götürüb. Vəsaitlər ilk növbədə, müəssisənin yenidən qurulmasına, dünya standartlarına cavab verən ağ və qırmızı şərabın müxtəlif çeşidləri üçün müasir avadanlıqların quraşdırılmasına yönəldiləcək», - deyə məlumatda qeyd olunur.
Bundan başqa, investisiya proqramı sayəsində müəssisədə 40-a qədər yeni iş yerinin açılacağı nəzərdə tutulur.
Müsabiqənin qalibi müqavilənin imzalandığı gündən 30 gün ərzində SC-nin səhmlərinə görə dövlət büdcəsinə 50 min manat vəsait köçürməli, müqavilə bağlandıqdan sonra 60 gün ərzində isə DƏİDK-ya ödənilmək üçün 10 min özəlləşdirmə çeki verməlidir.
Müəssisə 1974-cü ildə istismara verilib. Onun sahəsi 6,9 hektardır. SC-də 7 nəfər işləyir.
SC-nin nizamnamə kapitalı 2007-ci il aprelin 1-nə olan vəziyyət üzrə 352,787 min manata bərabərdir və nominal dəyəri 2 manat olan adi səhmlərə bölünüb.
2007-ci il aprelin 1-nə olan vəziyyətə görə SC-in borcu 30,872 min manat təşkil edir.