"NİKoyl" İnvestisiya Kommersiya Bankı (İKB) yaxın zamanlarda “Uralsib” Maliyyə Korporasiyası ilə birlikdə Azərbaycan müəssisələrinə sindikatlaşdırılmış kredit ayrılması haqqında müqavilə imzalamağa hazırlaşır.
Müqavilə çərçivəsində $16 mln.və $12 mln. həcmində 2 kredit veriləcək.
“"NİKoyl" bankı Azərbaycan iqtisadiyyatının real sektorunun kreditləşməsi üçün bir sıra layihələr həyata keçirib və bu istiqamətdə öz fəaliyyətini davam etdirir. Hazırda bank $50 mln məbləğində maliyyələşmə həyata keçirmək üçün layihələr qəbul edir”, - deyə verilən məlumatda bildirilir.
"NİKoyl" Azərbaycanda 1997-ci ildən, yəni ““NİKoyl” Azərbaycan İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti təsis ediləndən fəaliyyət göstərir. 1998-ci ildən “NİKoyl” AİŞ “Ulpar” kommersiya bankının səhmdarı olub. 2002-ci ilin yanvarında “Ulpar”ın yaranması nəticəsində səhmlərin 60%-nı “NİKoyl” AİŞ, 40 %-ni isə “LUKoyl-Azərbaycan” QSC əldə edib. 2005-ci ilin may ayında bankın səhmdarlarının tərkibi dəyişib. Belə ki, hazırda səhmlərin 61 %-i “Uralsib” Maliyyə Korporasiyasına məxsusdur. “LUKoyl-Azərbaycan” QTSC səhmlərin 19%-ə, ISR Holding isə 20%-ə sahibdir.