Gürcüstanın münaqişələrin nizamlanması üzrə dövlət naziri David Bakradze bir qrup Cənubi Osetiya vətəndaşının Rusiyanın orden və medalları ilə təltif olunmasına mənfi münasibət bildirib.
“Bİz vətəndaşlarımızın müxtəlif medal və fəxri adlarla təltif olunmalarına qarşı deyilik. Lakin söhbət qonşu dövlətlərdən gedirsə beynəlxalq hüquqda bu proseduru tənzimləyən dəqiq qaydalar mövcuddur”,- deyə D. Bakradze çərşənbə günü jurnalistlərlə görüşü zamanı bildirib..
Bununla yanaşı, o, “Rusiya Federasiyasında hamı tərəfindən qəbul olunan beynəlxalq normaların artıq prezident səviyyəsində nəzərə alınmadığına” təəssüf etdiyini bildirib.
“Bu qərarla demək olar ki, Gürcüstan ərazisindəki separatizm açıq şəkildə dəstəklənir. Bu isə öz növbəsində Rusiyanın özü üçün pis nəticələr verə bilər”- deyə D. Bakradze əlavə edib.
Xatırladaq ki, RF prezidenti Vladimir Putin “maarifçiliyin və mədəniyyətlərin, millət və xalqların qarşılıqlı zənginləşdirilməsi sahəsindəki xidmətlərinə görə” bir qrup Cənubi Osetiya vətəndaşının RF-ın mükafatları ilə təltif olunması haqqında sərəncam imzalayıb.
Prezident öz fərmanı ilə Cənubi Osetiya respublikasının Standartlaşdırma, Metrologiya və Sertifikatlaşma Mərkəzinin direktoru Xazbi Çibirovu “Dostluq” ordeni ilə, Cənubi Osetiyanın bir qrup ictimai xadimini isə “Puşkin” ordeni ilə təltif edib, bundan əlavə “RF-ın fəxri müəllimi” ali mükafatına Cənubi Osetiyanın təhsil naziri Alla Cioyeva, Sxinvali məktəblərindən birinin metodisti və Znaur rayon orta məktəbinin direktoru layiq görülüblər.