Azərbaycanda səneye istehsalının həcmi 2007-ci ilin yanvar-avqust ayları ərzində ötən ilin analoji dövrü ilə müqayisədə 32,7% artaraq 12,2 mlrd. manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövrü ərzində sənaye istehsalı sahəsində məhsul istehsalının payı 73,2%, xidmət istehsalının payı isə 5,7% təşkil edib.
Sənaye istehsalının ümumi həcmindən 73,2%-i hasilat sənayesinin, 20,4%-i emal sənayesinin, 6,4%-i isə elektrik enerjisinin paylanılmasının payına düşüb.
Emal məhsullarının istehsal həcmi 9%, rezin və plastik kütlə məmulatlarının istehsalı 49,6%, maşın və avadanlıqlar 1,8 dəfə, nəqliyyat vasitələri və avadanlıqlar 2,4 dəfə, qida məhsullarının istehsalı 9,7%, tikinti materiallarının istehsalı 17,8% artıb.
Hesabat dövrü ərzində özəl müəssisələrin payına sənaye istehsalının 78,8%-i və ya 9,6 mlrd. manat, dövlət müəssisələrinin payına isə 21,2% və ya 2,6 mlrd. manat düşüb.
Azərbaycan hökuməti 2007-ci il ərzində sənaye istehsalının həcmini 20 mlrd. manat məbləğində proqnozlaşdırır.