Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2007-ci ilin sonuna qədər özünün yeni ofis binasının tikintisinə başlayacaq. Bu barədə jurnalistlərə cümə axşamı ARDNŞ-in prezidenti Rövnəq Abdullayev məlumat verib
“Biz artıq Cənubi Koreyanın Heerim Architects & Planners Co Ltd şirkətilə müqavilə imzalamışıq. İlin sonlarına kimi yeni ofis binasının inşasına başlanılacaq. Layihəyə əsasən, tikinti işləri 2,5 il çəkəcək”,- deyə R.Abdullayev bildirib.
ARDNŞ-in yeni ofis binasının hündürlüyü 149,4 metr təşkil edəcək. Bina 2 yeraltı və 35 yerüstü mərtəbədən ibarət olacaq. Ofis Bakıda, Heydər Əliyev adına prospektdə yerləşəcək. Binanın ümumi sahəsi 59,102 min kvadrat metr təşkil edəcək. Onun tikintisində 2 min insan işləyəcək. Binada bir neçə konfrans zalı, qonaq otaqları, sosial-məişət obyektləri, yeraltı və yerüstü dayanacaqlar, ayrıca texniki binalar və idman zalları olacaq.