Sentyabrın sonlarında yeni müxalifət partiyası yaratdığını bəyan etmək niyyətində olan keçmiş müdafiə naziri İrakli Okruaşvili həbs olunacaq. Bu barədə “Aliya” qəzeti Baş Prokurorluqdakı məxfi mənbələrə istinadən məlumat yayıb.
Qəzet bildirir ki, prokurorluqda keçmiş müdafiə nazirinə qarşı cinayət işi başlanılıb. İ.Okruaşviliyə müdafiə naziri postunda olduğu dövrdə dövlət vəsaitlərinin qanunsuz xərclənməsilə bağlı ittiham irəli sürülə bilər.
Hazırda İ.Okruaşvilinin Türkiyədə dincəldiyi qeyd olunur.
Gürcüstanda digər populyar qəzet “Rezonansi”nin isə iki həftə öncə keçirdiyi telefon sorğusuna 400 respondent cavab verib. “Sabah Gürcüstanda prezident seçkiləri keçirilsəydi, kimə səs verərdiniz?” sualının cavabında 14% indiki prezident Mixail Saakaşvilini dəstəkləyib. İkinci yerdə İ.Okruaşvili olub. O, respondentlərinin 10%-nin dəstəyini qazanıb.
Gürcüstanda prezident seçkiləri 2008-ci ilin payızında keçiriləcək.