Biologiya sahəsində alim, professor, Azərbaycan Milli Elmlər Akademiyası Mikrobiologiya İnstitutunun şöbə müdiri Nəriman İsmayılov ətraf mühitin biotexnologiyası üzrə beynəlxalq müsabiqədə birinci yeri tutub. O, xüsusi diploma və “Roma şəhəri” medalına layiq görülüb. “İnterfaks-Azərbaycan” agentliyinə institutdan verilən məlumata görə müsabiqə İtaliyanın Təbiət və Sosial Elmlər Akademiyası tərəfindən keçirilib.
Alimin bu il qazandığı digər mühüm mükafat Albert Şveyser adına medaldır. N.İsmayılov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib ki, bu il Rusiya alimlərinin təqdimatı ilə Avropa Təbiət Elmləri Akademiyasının (Almaniya) həqiqi üzvü seçilib. O, Albert Şveyser adına medalla təltif olunub.
Alimin mikrobiologiya, neft hasilatı və ətraf mühitin biotexnologiyası sahəsindəki əməyi öz bəhrəsini verib. Bu işlər həm Azərbaycanda, həm də xaricdə tətbiq olunur.
Məlumatdan bəlli olur ki, son 20 ildə alimin təklif etdiyi biotexnologiyaların sayəsində əlavə olaraq 130 min ton neft çıxarılıb.
N.İsmayılov neftlə çirklənmiş torpaqların təmizlənməsinin effektiv biotexnologiyasını da hazırlayıb. Bu, alimin “Neftlə çirklənmiş torpaqların və qazma şlamlarının təmizlənməsi” kitabında əksini tapıb.