Moldova GUAM çərçivəsində informasiya texnologiyaları məsələsi üzrə işçi qrupunda koordinatorluğun Ukraynaya verilməsi təşəbbüsü ilə çıxış edib. Bu barədə sentyabrın 20-21-də Bakıda keçirilən GUAM ölkələri milli koordinatorları Şurasının 7-ci iclasının protokolunda bildirilir. Sənəd Azərbaycan XİN mətbuat xidməti tərəfindən açıqlanıb.
“Sahə işçi qrupu üzrə koordinator ölkə haqqında əsasnaməyə uyğun olaraq milli koordinatorlar Şurası informasiya texnologiyaları məsələlərilə bağlı işçi qrupunda koordinatorluğun Ukraynaya verilməsi barədə Moldovanın təklifini nəzərə alıb”,-deyə protokolda bildirilir.
Milli koordinatorlar iqtisadiyyat və ticarət, nəqliyyat, energetika üzrə üç işçi qrupunun birgə iclasının keçirilməsi barədə Ukraynanın təşəbbüsünü alqışlayıblar.
GUAM + tərəfdaşlar formatında nəqliyyat üzrə işçi qrupunun iclasının keçirilməsi barədə Azərbaycanın təşəbbüsü bəyənilib.
Həmçinin GUAM ölkələri hökumətləri arasında beynəlxalq avtomobil əlaqəsi haqqında saziş layihəsinə dair fikir mübadiləsi aparılıb. Sənədi Gürcüstan təqdim edib. Sazişə milli səviyyədə baxılması prosesinin sürətləndiirlməsi tövsiyyə olunub.
Şura GUAM Katibliyinin texniki təchizatı üçün ABŞ hökumətinin yardım ayırmağa hazır olması barədə məlumatı da tədbir iştirakçılarının diqqətinə çatdırıb.