Almaniyanın iqtisadiyyat naziri Mixael Qloss oktyabrın 18-19-da Bakıda səfərdə olacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.
“AFR-in iqtisadiyyat naziri M.Qlossun başçılıq etdiyi nümayəndə heyətinin oktyabrın 18-19-da Bakıda səfərdə olacağı gözlənilir. Alman sahibkarlarından ibarət böyük bir qrup daxil olmaqla nümayandə heyəti 80 nəfərdən ibarətdir. Səfər zamanı M.Qlossun iqtisadi inkişaf naziri Heydər Babayev, sənaye və energetika naziri Natiq Əliyev, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə görüşləri planlaşdırılır”,-deyə nazirliyin nümayəndəsi bildirib.
Onun sözlərinə görə səfər zamanı Azərbaycan-Almaniya biznes-forumunum keçirilməsi gözlənilir.
1993-2006-cı illərdə AFR şirkətlərinin Azərbaycan iqtisadiyyatına qoyduğu investisiyaların ümumi həcmi $165 mln. təşkil edib.
Statistik məlumatlara görə 2007-ci ilin 1-ci yarısında Azərbaycandan AFR-ə əmtəə ixracı $7,2 mln., Azərbaycana idxal $192,5 mln. təşkil edib.