Vaşinqton 2008-ci ildə Azərbaycanda prezident seçkilərinin demokratik normalara uyğun keçiriləcəyinə inanır. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi bəyan edib.
«ABŞ hökuməti 2008-ci il seçkilərinin Azərbaycan üçün böyük və yeni imkanlar yaradacağına inanır. Azad və ədalətli seçkilər demokratiyanın daha əhəmiyyətli səviyyəsinə keçid üçün şərait yaradacaq»,- deyə diplomat bazar ertəsi jurnalistlərə bildirib.
O, Azərbaycanda demokratik cəmiyyətin qurulmasının ABŞ üçün vacib olduğunu vurğulayıb.
«Azərbaycanın demokratik, müstəqil və inkişaf edən ölkəyə çevrilməsi təkcə onun tərəfdaşları, o cümlədən ABŞ üçün deyil, həm də respublikanın özü üçün vacibdir»,- deyə səfir qeyd edib.
«Biz hökumətlə birgə işləyərək, 2008-ci ildə azad və ədalətli seçkilərin keçirilməsi üçün lazımi şərait yaradan parlamenti dəstəkləyirik. Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkilərin yüksək beynəlxalq standartlara uyğun keçirilməsi məqsədilə müvafiq tövsiyələr verib və hökumətin bu tövsiyələrə əməl edərək lazımi tədbirlər görməsi çox vacibdir»,- deyə E.Dersi əlavə edib.