Rəsmi Tehran beynəlxalq ictimaiyyəti öz nüvə proqramının sülh məqsədi daşıdığına inandırmaq üçün cəhd göstərməsə, BMT TŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək. Bu barədə Avropa Birliyinin xarici və təhlükəsizlik siyasəti məsələri üzrə ali nümayəndəsi Xavyer Solano bəyan edib.
“Bizim mövqeyimiz belədir ki, əgər İran nüvə poqramının sülh məqsədi daşıdığına dünya ictimaiyyətini inandırmağa hazır deyilsə, onda biz bu ölkə iqtisadiyyatına güclü təsir göstərəcək sanksiyalar tətbiq etməyə hazırıq”,- deyə X. Solano Portuqaliyada keçiriləcək 20-ci RF- Avropa Birliyi sammiti ərəfəsində “İnterfaks” agentliyinə müsahibəsində bildirib.
Bununla yanaşı o deyib ki, “BMT TŞ-nin sanksiyaları hərbi əməliyyatların keçirilməsini nəzərdə tutmayan BMT Nizamnaməsinin 41-ci maddəsinə əsaslanıb”.
“Əgər iranlılar inamın bərpa olunması üzərində işləsələr, biz İranla tamformatlı danışıqlarda iştirak etməyə hazırıq. Bu danışıqlar təkcə nüvə məsələsinin həllinə yox, həm də bizim ölkələrlə İran arasında texnoloji, iqtisadi və siyasi sahələrdə əməkdaşlığa əsaslanan tamamilə yeni münasibətlərin yaradılmasına imkan verəcək”,- deyə AB-nin ali nümayəndəsi vurğulayıb.