Azərbaycan və Litva gənclər siyasəti sahəsində əməkdaşlıq edəcək. Müvafiq sazişi cümə günü Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovla Litvanın sosial təhlükəsizlik və əmək naziri Viliya Blinkeviçute imzalayıb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sənəd litvalı nazirin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində imzalanıb.
Saziş gənclərlə iş, bu sahədə birgə layihələrin gerçəkləşdirilməsi, hər iki ölkənin gənclər təşkilatlarının iştirakı ilə tədbirlərin təşkili sahəsində respublikalar arasında əməkdaşlığın inkişafını nəzərdə tutur. Nazirlər həmçinin hər iki ölkədə idman tədbirlərinin keçirilməsi və gənclərin məşğulluğu məsələlərini nəzərdən keçiriblər.
Səfər çərçivəsində litvalı nazir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində görüşlər keçirəcək.