Prezident İlham Əliyev Litva ilə müxtəlif səviyyədə münasibətlərin son vaxtlar intensivləşməsindən razıdır. Bu barədə o, cümə günü Bakıda Litvanın əmək və sosial müdafiə naziri Viliya Blinkyaviçute ilə görüşündə bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinə Prezident Aparatından verilən məlumata görə, İ.Əliyev qeyd edib ki, bu canlanma bütün sahələrdə əməkdaşlığın daha da sıx koordinasıyasına xidmət edir. Prezident Azərbaycan və Litva gəncləri arasında əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Öz növbəsində, V.Blinkyaviçute deyib ki, Azərbaycanla Litva arasında fəal əməkdaşlıq həyata keçirilir. O əmin olduğunu bildirib ki, iki ölkə gəncləri arasında əlaqələrin qurulması və inkişafı Azərbaycan-Litva əməkdaşlığının möhkəmlənməsinə öz töhfəsini verəcək.