Dövlət Statistika Komitəsi (DSK) 2008-2012-ci illər üçün nəzərdə tutulmuş statistikanın inkişafı üzrə Dövlət Proqramının gerçəkləşdirilməsini 10 mln. manat dəyərində qiymətləndirir. Bu barədə jurnalistlərə bazar ertəsi DSK sədri Arif Vəliyev məlumat verib.
“Hazırda dövlət proqramının layihəsi hökumətin ekspertizasındadır və təsdiqlənmək üçün yaxın günlərdə Prezident Aparatına təqdim olunacaq. Proqram 10 mln. manat məbləğində qiymətləndirilir”, - deyə A.Vəliyev bildirib.
Onun sözlərinə görə, proqram dövlət büdcəsinin vəsaitləri hesabına gerçəkləşdiriləcək.
“Lakin ümumi məbləğin 10-15%-nin texniki yardım kimi TASIC proqramı çərçivəsində və digər proqramlar üzrə ayrılması mümkündür”, - deyə DSK sədri qeyd edib.
Verilən məlumata görə, 2007-ci ildə statistikanın inkişafı üzrə 5 illik Dövlət Proqramının müddəti bitir. Yeni proqram birinci proqramın davamı olacaq. Burada əsas diqqət statistika metodologiyasının təkmilləşdirilməsinə, statistika orqanlarının maddi-texniki bazalarının yaxşılaşmasına yönəldiləcək.