“Royal Bank of Baku” 4 mln. manat həcmində istiqraz buraxır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Fond Birjasından (BFB) məlumat verilib. Bank faizli sənədsiz adlı istiqrazları BFB vasitəsilə yerləşdirməyi planlaşdırır.
Mənbə qeyd edib ki, ötən həftə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “Royal Bank of Baku” ASC-nin istiqrazlarının emissiya prospektini qeydiyyata alıb. Emissiya 1 min manat nominalında 4 min istiqrazdan ibarətdir.
Bankın istiqrazlar üzrə gəlirliliyi illik 14,5% səviyyəsində müəyyən olunub, kağızların tədavül müddəti isə 540 gündür.
Emissiya prospektinə görə yerləşdirmə BFB-də açıq abunə yolu ilə keçiriləcək. Yerləşdirmənin anderrayteri rolunda “AzerInterTrade” MMC çıxış edəcək.
Nizamnamə kapitalı 13,115 mln. manat təşkil edir.
Xəbər verildiyi kimi, “Royal Bank of Baku” SKB 1993-cü ildə yaradılıb. Təsisçiləri 2 hüquqi və 7 fiziki şəxsdir.