Azərbaycanın qeyri-neft sektorunda ÜDM-in istehsal həcmi 2007-ci ilin yanvar-sentyabr aylarında 6 mlrd. 301,5 mln. manat təşkil edib ki, bu da 2006-cı ilin analoji dövrünün göstəricisindən 8,9 % çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyev bazar ertəsi keçirdiyi mətbuat kofransıında məlumat verib.
“2007-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda ÜDM-in ümumi həcmi 27,1% artaraq 16 mlrd. 608 mln. manat təşkil edib. Bizim proqnozlarımıza görə, ÜDM-in artımı 2007-ci ilin sonlarına qədər 28-29% səviyyəsində saxlanılacaq. Bununla yanaşı hesabat dövründə ÜDM-in qeyri-neft sektorundakı həcmi 6 mlrd. 301,5 mln. manat təşkil edib ki, bu da 2006-cı ilin yanvar-sentyabr aylarının göstəricisindən 8,9% çoxdur. Bu da öz növbəsində kifayət qədər böyük göstərici hesab edilir”,- deyə A. Vəliyev bildirib.
O deyib ki, 2007-ci ilin 9 ayı ərzində Azərbaycanda televizor istehsalı 2,2 dəfə- 6,285 min ədəd artıb ki, bu da istehsalı 4,7 dəfə - 489 ədəd artan minik avtomobilləri kimi ölkə üçün yeni məhsul hesab edilir. Bundan əlavə, Azərbaycanda ilk dəfə olaraq 331 traktor istehsal olunub.
A. Vəliyevin sözlərinə görə, 2007-ci ilin yanvar-sentyabr aylarında xarici ticarətin dövriyyəsi 2006-cı ilin 9 ayı ilə müqayisədə 4,7% azalıb. Xarici ticarətin dövriyyəsi $8 mlrd. 223,3 mln. təşkil edib ki, bunların da 4 mlrd. 315,9 milyonu ixracın (11% azalma), $3 mlrd. 907,4 milyonu isə idxalın (artım 3,2%) payına düşüb.
“Mal dövriyyəsinin həcminin azalmasına səbəb “Azəri-Çıraq-Günəşli” blokundan 10 gün ərzində neft hasilatının və ixracının ixtisarı olub”,- deyə A. Vəliyev bildirib. Bu dövr ərzində Azərbaycan ticarət əməliyyatlarını əsasən Türkiyə (18,2%) və İtaliya (13,8%) ilə aparıb.
DSK sədri bildirib ki, 2007-ci ilin 9 ayı ərzində Azərbaycan iqtisadiyyatına qoyulan xarici investisiyaların həcmi 12,7% azalaraq 2 mlrd. 056,6 mln. manat təşkil edib. Bununla yanaşı bu dövr ərzində qoyulan xarici investisiyalar ən çox Böyük Britaniyadan (44%), ABŞ-dan (21,4%) və Yaponiyadan olan şirkətlərin (12,4%) payına düşüb.