“Azərdəmiryolbank” əlavə emissiyalar yerləşdirmək yolu ilə nizamnamə kapitalını 15,5% artıraraq 10,4 mln. manata çatdırmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən məlumat verilib.
“Azərdəmiryolbank” ASC –nin sadə adlı sənədli səhmlərinin emissiya prospekti ötən həftə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyata alınıb.
Səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasının ticarət meydançasında açıq satış yolu ilə keçiriləcək.
Emissiya nominal dəyəri 0,20 manat olan 700 min səhmdən ibarətdir. İstiqrazların yerləşdirilməsində anderrayter vəzifəsində “ADB Broker” MMC çıxış edəcək.
“Azərdəmiryolbank” ın səhmlərinin yerləşdirilməsinə 2007-ci ilin noyabrında başlayacağı ehtimal olunur.
Hazırda bankın kapitalı 9 mln. manat təşkil edir.
“Azərdəmiryolbank” SB 1989-cu ildə təsis edilib. O, respublikanın ən iri özəl banklarından biridir. Bankın təsisçilərindən biri olan AYİB “Azərdəmiryolbank”ın kapitalında 25%+1 səhmə malikdir.
“Azərdəmiryolbank” 2006-ci ilin yekunlarına dair "İnterfaks-İAM" hazırladığı “İnterfaks-1000”: MDB bankları” renkinqində aktivlərinin həcminə görə 459-cu, Azərbaycan bankları arasında 7-ci yeri tutub.