Noyabrın 17-19-da Bakıda türk cəmiyyətlərinin 9-cu dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı keçiriləcək. Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, qurultay prezident İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək.
Tədbirin keçirilməsində məqsəd türk ölkələri arasında qardaş və dostluq münasibətlərinin möhkəmləndirilməsi, o cümlədən iqtisadi əlaqələrin inkişafındır.
Qurultayda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Monqolustan, Rumıniya, Bolqarıstan, Yunanıstan, eləcə də Rusiya regionlarından Altay, Başqırdıstan, Çuvaşiya, Dağıstan, Kabardin-Balkar, Tatarıstan, Qaraçay-Çərkəz Respublikası, Krım nümayəndələri iştirak edəcək. Bundan başqa, ABŞ, Yaxın Şərq, Əfqanıstandan türk cəmiyyətlərinin nümayəndələri də tədbirə qatılmaq üçün Bakıya gələcək.
Qurultay çərçivəsində türk xalqları arasında mədəniyyət, elm, texnika, təhsil, iqtisadiyyat, ticarət, turizm və digər sahələrdə əməkdaşlıq, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər, Şimali Kiprdə vəziyyət, İraqda və Əfqanıstanda yaşayan türkdilli xalqların durumu müzakirə olunacaq.