Parlamentin iqtisadi, sosial, aqrar siyasəti, hüquq siyasəti və dövlət quruculuğu məsələləri, təbii ehtiyatlar, energetika və ekologiya komissiyaları Milli Məclisə Azərbaycanın 2008-ci il dövlət büdcəsini ÜDM üzrə 3,6% kəsirlə qəbul etməyi tövsiyyə ediblər.
Belə qərar bazar ertəsi komissiyaların birgə iclasında qəbul edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verib.
"2008-ci ildə dövlət büdcəsinin gəlirləri 7,383 mlrd. manat səviyyəsində proqnozlaşdırılır ki, bu da 2007-ci ilin proqnozlarını 27,9% üstələyir. Gələn il üzrə xərclər 8,509 mlrd. manat səviyyəsində (artım 34,9%), dövlət büdcəsinin kəsiri 1,126 mlrd. manat və ya ÜDM-un 3,6%-i qədər proqnozlaşdırılıb", - deyə maliyyə naziri Samir Şərifov dövlət büdcəsinin parametrlərini təqdim edərkən bildirib.
Onun sözlərinə görə, gələn il dövlət gəlirlərinin strukturunda 5 mlrd. manat Vergilər Nazirliyi (artım 17,9%), 1,1 mlrd. manat (artım 42,9%) Dövlət Gömrük Komitəsi tərəfindən təmin olunacaq. Yerdə qalan gəlirlər isə 1,278 mlrd. manat təşkil edəcək.
S.Şərifov əlavə edib ki, gələn il neft sektoru müəssisələrindən dövlət büdcəsinə vergi daxilolmaları 2,73 mlrd. manat (artım 3%), qeyri-neft sektorundan isə 2,27 mlrd. manat (artım 42,8%) səviyyəsində gözlənilir.
Nazirin sözlərinə görə, 2006-2008-ci illərdə Vergilər Nazirliyinin xəttilə toplanan vergi və rüsumlar demək olar ki, iki dəfə, Gömrük Komitəsinin xətti ilə yığılanlar isə 2 dəfədən çox artıb.
"2008-ci ildə hökumət əhalinin əmək haqlarının artırılması prosesini davam etdirəcək. 2008-ci ildə əmək haqqının minimal həcminin artırılmasına 184 mln. manat yönəldiləcək, əməyin ödənilməsi sisteminin təkmilləşdirilməsi nəticəsində büdcə işçilərinin əmək haqlarının artırılmasına 183,1 mln., baza pensiyalarının sığorta hissəsinin artırılmasına 140 mln., sosial müavinətlərin artırılmasına 27,8 mln. manat yönəldiləcək", - deyə nazir qeyd edib.
Nazir qeyd edib ki, 2008-ci ildə dövlət büdcəsinin cari xərcləri 4,734 mlrd. manat, investisiya xərcləri 3,691 mlrd. manat təşkil edəcək. 84 mln. manat isə digər məqsədlər üçün nəzərdə tutulub.
S.Şərifov əlavə edib ki, 2008-ci ildə hökumət təhsil sahəsinin maliyyələşdirilməsini 28,5% artıracaq. Bu, müdafiə sahəsi üçün 25,4%, sosial müdafiə üçün 21,2%, səhiyyə üçün 18,5% nəzərdə tutulub.
"Gələn il ərzində dövlət kapital qoyuluşları 2,841 mlrd. manat səviyyəsində proqnozlaşdırılır ki, bu da 2007-ci ilin göstəricisini 926 mln. manat və ya 48,3% üstələyir. 2008-ci ildə əsas diqqət artıq başlanmış layihələrin maliyyələşdirilməsinin başa çatdırılmasına yönəldiləcək", - deyə o qeyd edib.
Maliyyə Nazirliyinin rəhbəri 2008-ci il dövlət büdcəsinin kəsirinin yerinin doldurulması mənbələri kimi özəlləşdirmədən əldə olunan gəlirlər (50 mln. manat), DQİ-nin buraxılması və yerləşdirilməsindən əldə olunan gəlirlər (361,4 mln. manat), xəzinə hesabındakı yerdə qalan vəsaitlər (715 mln. manat) çıxış edəcəklər.
Parlamentin aqrar siyasət komissiyasınını sədri Eldar İbrahimov qeyd edib ki, Milli Məclis noyabrın 13-də 2008-ci il dövlət büdcəsi layihəsinin müzakirələrinə başlayacaq. "Parlament bu məsələnin müzakirəsinə 4 plenar iclas həsr etməyi planlaşdırır", - deyə o əlavə edib.