Milli Məclisin sədri Oqtay Əsədov və Türkiyə prezidenti Abdulla Gül iki ölkə arasındakı münaisbətlərin səviyyəsindən razıdırlar.
“İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbirinin verdiyi məlumata görə çərşənbə günü Milli Məclisdə baş tutan görüş zamanı O. Əsədov Azərbaycan və Türkiyə arasındakı əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib. “Bizim əlaqələr müsbət məcrada inkişaf edir. Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum enerji layihələri və Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi layihəsi uğurla həyata keçirilir”,- deyə spiker bildirib.
Onun sözlərinə görə Türkiyə və Azərbaycan həmişə bir-birinə qarşılıqlı dəstək olublar. Bu həm Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində, həm də terrorizmlə mübarizə məsələsində özünü göstərib. “Bizim əlaqələrimiz gələcəkdə də uğurla inkişaf edəcək. Bu da öz növbəsində dünyadakı mövqelərimizin möhkəmlənməsinə xidmət edir”,- deyə O. Əsədov bildirib.
Öz növbəsində A.Gül ilk xarici səfərinin Azərbaycana olmasının təsadüfi olmadığını qeyd edib. Onun sözlərinə görə bu iki tərəfli münasibətlərin yüksək səviyyədə olduğunu göstərir. Prezident Azərbaycan və Türkiyə arasındakı iqtisadi və siyasi münasibətlərin hazırki səviyyəsini yüksək qiymətləndirərək, əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. “Bu mənada parlametnlərarası əməkdaşlığın inkişaf etdirilməsi xüsusi önəm daşıyır”,- deyə A. Gül qeyd edib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi məlumata görə hazırda Türkiyə prezidenti Milli Məclisdə deputatlar qarşısında çıxış edir.