2007-ci il oktyabrın 1-nə Azərbaycanın zəmanətli xarici borcu 2007-ci ilin yanvar-sentyabr aylarında 15,2% - $2 mlrd. 272,1 mln-a qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilib.
9 ay ərzində Azərbaycanın zəmanətli xarici borcu ÜDM-ə nisbətdə 9,9%-dən 8,3%-ə qədər azalıb, adambaşına isə 13,6% - $264,2 artıb.
Zəmanətli xarici borcun strukturunda iqtisadi islahatların aparılması məqsədilə alınmış kreditlərin payına $371,4 mln. düşür və yanvar-sentyabr aylarında onların həcmi 5,8% azalıb.
Beynəlxalq Valyuta Fondundan alınmış kreditlər üzrə borclar bu ilin oktyabrın 1-nə $103 mln. (azalma 28,3%), Dünya Bankının vəsaitləri üzrə borclar isə $268,4 mln. (artım 3,6%) təşkil edib.
2007-ci il oktyabrın 1-nə investisiya layihələrinin gerçəkləşdirilməsi üçün cəlb olunmuş kreditlərin payına $1 mlrd. 900,7 mln. düşür və 9 ay ərzində onların həcmi 20,4% artıb.
2007-ci il oktyabrın 1-i üçün enerji sektoruna cəlb olunmuş kreditlərin payına $778 mln., kənd təsərrüfatı və irriqasiyanın - $178 mln., yol tikintisi və nəqliyyatın - $429,5 mln., neft-qaz sahəsinin - $150,4 mln., kimya sahəsinin - $35,7 mln., sosial sahələrin - $175,4 mln., işğaldan azad edilmiş ərazilərin bərpasının - $43,8 mln., digər sahələrin payına $109,9 mln. düşür.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan $313,4 mln. məbləğində kredit mənimsəyib.
2007-ci ilin 9 ayı ərzində Azərbaycan xarici borcun ödənilməsinə $116,5 mln. vəsait yönəldib. Bunun $76,9 mln-u əsas borc, $39,5 mln-u isə faizlər üzrə ödənişlərin payına düşüb.
Yanvar-sentyabr aylarında dövlət büdcəsindən xarici borcun ödənilməsinə $39,9 mln. yönəldilib, yerdə qalan məbləğ borclu müəssisələr tərəfindən ödənilib.