Bakı ümid edir ki, cümə axşamı İrəvanda İran və Ermənistan müdafiə nazirləri arasında imzalanan müdafiə sahəsində əməkdaşlıq haqqında sazişlə əlaqədar İran Ermənistanla hərbi əməkdaşlığın inkişafında regionda sabitliyi daha da pozacaq addımlar atmayacaq.
“Narahatlığa əsas yoxdur, çünki memorandum real hərbi əməkdaşlığı nəzərdə tutan hüquqi sənəd deyil”, -deyə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan XİN mətbuat mərkəzinin rəhbəri Xəzər İbrahim məlumat verib.
O qeyd edib ki, Azərbaycanla İran arasında mehriban qonşuluq və daim inkişaf edən qarşılıqlı münasibətlər qurulub. Bu, “regionda sabitliyin və əməkdaşlığın inkişafına töhfə verir”. Biz əminik ki, bu əməkdaşlıq davam edəcək”.
“Ermənistanla İran arasında hərbi əməkdaşlığa gəlincə, İranla Azərbaycan arasında qarşılıqlı münasibətlərin səviyyəsini, regionda təhlükəsizlik məsələsilə bağlı indiki durumun özəlliklərini nəzərə alaraq ümid etmək istərdik ki, İran Ermənistanla əməkdaşlığı əməli müstəviyə keçəndə bu həssaslığı və özəllikləri nəzərə alacaq.
Bakı ümid edir ki, bu əməkdaşlıq reallıqda praktiki müstəviyə keçməyəcək. Çünki bu, Ermənistanın təcavüzkar siyasətinin daha da güclənməsinə gətirib çıxara bilər”,-deyə diplomat vurğulayıb.
X.İbrahim iranlı nazirin regionda təhlükəsizlik sisteminin inkişafı üçün İran və Ermənistan tərəfindən tədbirlər görülməsi barədə fikirlərinə şübhə edir.
“Ümid etmək istərdim ki, bu, kontekstdən çıxarılmış ifadədir. Belə ki, regionun təhlükəsizlik sisteminin inkişafında Ermənistanla əməkdaşlığı mümkün hesab etmirəm. Çünki bu gün regionda təhlükəsizlik sisteminin olmamasının əsas səbəbkarı məhz Ermənistandır”,-deyə X.İbrahim vurğulayıb.